Newscenter.az.26.06.2020. Azərbaycanın yaxın tarixi qanlı-qadalı illərlə yaddaşımızdadır. Azərbaycan ordusu şanlı və 100 illik tarixi ilə bilinsə də, məhz 1-ci Qarabağ savaşında ayrı-ayrı silahlı qüvvələrin, özünü müdafiə batalyonlarının qeyri-peşəkar fəaliyyəti yuxarıda qeyd etdiyim qanlı-qadalı savaş günlərində vətəndaşlarımızda bədbin inamsız ruh yaratmışdı. Qeyri - rəsmi silahlı birləşmələrin döyüşlərdə uğursuzluğu, müharibə olmayan bölgələrimizdə və paytaxtda özbaşınalığı həm "ordu" kimi təqdim olunan birləşmələrə həm də onları idarə etmək potensialında olan keçmiş hakimiyyət nümayəndələrinə qarşı vətəndaşların inamının itməsinə səbəb olmuşdur. Ulu Öndər Heydər Əliyevin hələ çox sonra deyəcəyi "güclü dövlətin güclü ordusu olmalıdır" deyimini səriştəsiz ölkə idarəçiləri kökündən məhv etmək həddində idilər. Hər sahədə olduğu kimi ordu da tənəzzüldə idi.
Ancaq xilas işığının qığılcımları uzaq Naxçıvandan görünürdü. Ulu öndər, ümummilli lider Heydər Əliyevin ikinci qayıdışı hər sahədə olduğu kimi orduda da öz təsirini göstərdi. Eyni zamanda həm hakimiyyəti qoyub qaçmış səriştəsizlərin Dağlıq Qarabağ konfliktini, həm də yarıtmaz siyasət nəticəsində ölkədə hegemonluq edən hərbi birləşmələr ilə eyni zamanda bir neçə cəbhədə mübarizə başladı. Az zaman sonra ölkəmizin cənubunda separatçılar, paytaxtda silahlı birləşmələr zərərsizləşdirildi, Qərbində qiyamlar yatızdırıldı və ən əsası Dağlıq Qarabağda atəşkəs elan edildi. Ümummilli Lider Heydər Əliyevin bu qətiyyəti xalqın orduya inamını bərpa etdi. Mütəmadi olaraq ordunun içində olması, hərbi qulluqçulara xüsusi qayğı ilə yanaşması Heydər Əliyevin əsl General və Ali Baş komandan xüsusiyyətlərini ortaya qoydu. 22 may 1998-ci ildə prezident Heydər Əliyev fərman imzalayaraq 26 iyunu Silahlı Qüvvələr günü elan etməsi isə Azərbaycan ordusunun gələcək perspektivinin müjdəsi idi. Əcəl macal verməsə də "Ordu islahatları, təkmilləşdirilmiş peşəkar ordu" siyasətini Ulu öndərin davamçısı, Cənab Ali Baş Komandan, Prezident İlham Əliyev uğurla davam etdirdi. Bu uğurun ən bariz nümunəsi isə Aprel döyüşləri idi. Ali Baş Komandanın şəxsi nəzarətində aparılan Anti-terror əməliyyatları həm beynəlxalq aləmə göstəri, terrorçu Ermənistana isə xəbərdarlıq idi. Aprel döyüşlərindən bir il sonra isə "Global Firepower" təşkilatının yekunlarına əsasən, Azərbaycan Silahlı Qüvvələri "dünyanın ən güclü ordusu” reytinqində 58-ci yerdə qərarlaşması Azərbaycan Dövlətinin şəxsən prezident İlham Əliyevin nəzarətində ordu siyasətinin yüksək qayğı və peşəkarlıq ilə həyata keçirilməsini dünya ictimaiyyətinə sübut etdi.
Bu gün Müstəqil Azərbaycan ordusunun hərbi qulluqçularının bayramıdır. Bizlər müharibə şəraitində olan ölkənin vətəndaşları olaraq Cənab Ali Baş Komandanın əmri ilə qəhrəmanlarımızın işğal edilmiş torpaqları azad edəcəkləri günü səbirsizliklə gözləyir və onların növbəti bayramlarını Şuşada, Zəngilanda, Kəlbəcər və Laçında təbrik etməyi arzulayırıq.
Yaşa, var ol Azərbaycan ordusu!
Nərmin Hüseynzadə-Yeni Azərbaycan Partiyasının Zəngilan rayon təşkilatının Gənclər Birliyinin sədri