Newscenter.az.29.06.2020. Dünyada COVID-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tərəfindən koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşlərinin keçirilməsi, indi isə dünyanın 130-dan çox ölkəsinin dövlətimizin başçısının BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil edilməsi barədə təşəbbüsünü dəstəkləməsi dünya dövlətlərinin Azərbaycana böyük etimadının və hörmətinin göstəricisidir.
Bu gün dünya müharibəsi ilə müqayisə edilən COVID-19 pandemiyası şəraitində qlobal həmrəyliyə və baxışa böyük ehtiyac var. Təəssüf ki, bu günədək beynəlxalq münasibətlər sistemində BMT, onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurasının rolu görünmür, dünyanın aparıcı ölkələri qlobal liderlik əvəzinə geosiyasi rəqabət və özünütəcridə kökləniblər. Böyük dövlətlərdən və beynəlxalq təşkilatlardan qlobal liderlik gözlənilsə də, bu, baş vermədi. Daha çox özünütəcrid, milli eqoizm xarakteri daşıyan və fraqmentar addımlar atıldı. BMT Təhlükəsizlik Şurasının xüsusi iclaslarının çağırılması təşəbbüsü fikir ayrılığına görə baş tutmadı. BMT Baş Assambleyası çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülsə də, onların da əksəriyyəti uğurla nəticələnmədi və yalnız deklarativ mətnlərlə yekunlaşdı.
BMT-yə üzv olan 130-dək dövlət tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin qurumun Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə böyük etimadın və hörmətin növbəti göstəricisidir. Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olub. “Sirr deyil ki, təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər var. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT-nin Baş katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında irəli sürülmüş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır. Lakin bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu.
Xüsusi sessiya beynəlxalq ictimaiyyətin pandemiyaya qarşı mübarizəyə tam səfərbər olmasına şərait yaradacaq və bu ümumi təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcək.
Sədaqət Vəliyeva-Milli Məclisin deputatı