Newscenter.az.1.07.2020. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Könüllü Qida Nəzarətçisi“ proqramına yeni cəlb edilən könüllülər ilə videokonfrans keçirilib.
Newscenter.az-a AQTA-dan bildirilib ki, Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktor müavini Ramil Hüseynin də iştirak etdiyi videokonfransda müasir dövrün innovativ məşğulluq məsələləri, gələcəyin ixtisasları və peşə seçimində mövcud olan əsas məqamlar müzakirə olunub. AQTA-nın Qida zəncirinə nəzarət və regional bölmələrlə iş şöbəsinin müdiri könüllülərə AQTA-nın fəaliyyət istiqamətləri və “Könüllü qida nəzarətçisi” proqramı barədə ətraflı məlumat verib. Qeyd olunub ki, layihənin məqsədi könüllülərin qida təhlükəsizliyinin təmin olunması prosesində nəzarətçi qismində aktiv iştirakını təmin etmək, onların bu sahə ilə bağlı biliklərini artırmaq və ən əsası qida təhlükəsizliyinin təmin olunması prosesinə könüllü qismində cəlb olunmalarını təmin etməkdir.
Onlayn konfransda pandemiya şəraitində yaranan mövcud vəziyyət, COVID-19-un profilaktikası istiqamətində Agentlik tərəfindən həyata keçirilən tədbirlər barədə könüllülərə məlumat verilib. Qeyd olunub ki, Agentlik tərəfindən beynəlxalq təcrübə nəzərə alınmaqla ictimai iaşə obyektləri və ərzaq məhsullarının ticarəti ilə məşğul olan topdan və pərakəndə satış obyektlərində koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlər hazırlanaraq sahibkarlara təqdim edilib və sözügedən metodiki göstərişlərin tələblərinə əməl edilməsinə nəzarət məqsədi ilə mütəmadi reydlər həyata keçirilir. Bu sahədə sahibkarların və istehlakçıların maarifləndirilməsi işlərinə AQTA-nın könüllü qida nəzarətçiləri də cəlb edilib. Agentlik əməkdaşları videokonfransda könüllüləri maraqlandıran suallara da aydınlıq gətiriblər.
Qeyd edək ki, “Könüllü Qida Nəzarətçisi“ proqramı çərşivəsində könüllülərlə videokonfranslar mütəmadi olaraq davam etdiriləcəkdir.
Orxan