Newscenter.az.1.07.2020. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin bir sıra məzunları buraxılış imtahanlarında yüksək nəticə göstəriblər.
Newscenter.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir ki, iyunun 10-u və 11-də keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 36 nömrəli tam orta məktəbin məzunu Çələbiyev Ayxan Elxan oğlu paytaxt üzrə ən yüksək nəticə göstərib. O, 297,7 bal toplayaraq Bakı şəhər birincisi olub. Bundan başqa, paytaxtdakı 57 nömrəli tam orta məktəbin məzunu Bulud Uğur Seyran oğlu və 178 nömrəli tam orta məktəbin məzunu İsmayılov Elmir Fuad oğlu 297,1 bal toplayıb.
Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə (abituriyentlərə) ana dili fənnindən 4 açıq və 26 qapalı, riyaziyyat fənnindən 4 açıq, 8 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 4 açıq və 26 qapalı tipli tapşırıq olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunub. Bu mərhələdə fənlərin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır.
R.Mehdiyeva