Newscenter.az.2.07.2020. “Kür çayında suyun azalması ölkəmiz üçün milli təhlükəsizlik məsələsidir və bu problemin həlli istiqamətində yeni konsepsiya ortaya qoyulmalıdır”.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, təkcə Kür çayı ilə bağlı deyil, Araz çayı da ekoloji probelmlə üz-üzədir:
“Kürün quruması aran rayonları və Mingəçevir su anbarı üçün çox ciddi probelmlərə gətirib çıxaracaq. Su probelmi strateji məsələdir və Azərbaycanın daha çox əsas su ehtiyatları işğal olunmuş ərazilərdə yerləşir. Qeyd edim ki, Kür çayı öz mənbəyini Türkiyədən götürür. Türkiyənin Kür çayı üzərində iki su anbarı tikməsi, məhz Kürdə suyun təhlükəli həddə azalmasına səbəb olan ən başlıca amillərdən biridir. Çayın mənbəyində iki su anbarının tikilməsi, Türkiyənin daxili işi olsa da, bu digər ölkələrə problemlər yaradır. Azərbaycan qardaş ölkə ilə bu istiqamətdə danışıqlar aparmalı və Türkiyə rəhbərliyi bundan irəli gələn məsələni yoluna qoymalıdır. Bundan əlavə, Kür çayında əlavə qollar ayrılaraq digər ərazilərin suvarılmasına çəkilib”.
Politoloq deyib ki, su ehtiyatlarının tam mənimsənilməsi digər ölkələr üçün ekoloji fəlakətdi və bunu Türkiyə hakimiyyətinin diqqətinə çatdırılmalı və onların rəsmi şəxslərinə Kürün hazırkı vəziyyətini göstərmək lazımdır:
“Yay aylarıda Türkiyə tərəfinin su anbarının birini işlətməməsi ilə bağlı öhdəlik götürməlidir. Qeyd edim ki, Azərbaycanın ən böyük su anbarlarından biri Ermənistanın işğalında olan Sərsəng su anbarıdır. Su anbarına nəzarəti əldə etməklə, Azərbaycanın su ilə bağlı problemi azala bilər. Bu istiqamətdə Azərbaycan hərəkətə keçməlidir. Hətta hərbi əməliyyatlar keçirməli və su anbarını nəzarətə götürməlidir. Beynəlxalq təşkilatlar və digər ölkələr bundan xəbəri olunca, Azərbaycan ordusu buna nail ola bilər. Sərsəng su anbarı Azərbaycan üçün strateji məsələ olmalıdır. Prezident İlham Əliyev Sərsəng su anbarı ilə bağlı dəfələrlə məsələ qaldırıb. Hətta AŞPA -nın su anbarı üzərində Azərbaycanın suveren hüquqlarını tanıyan qətnaməsi də var”.
Mehman