Newscenter.az.6.07.2020. Energetika naziri Pərviz Şahbazovun iştirakı ilə “Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın hazırlanmasına dair məsələlər müzakirə edilib.
Bu barədə Newscenter.az-a Nazirlikdən məlumat verilib.
Strategiyanın ilkin layihəsi nəzərdən keçirilib, strukturu və ayrı-ayrı bölmələri təhlil edilib. Layihədə əksini tapmalı zəruri məqamlar qeyd edilib. Digər ölkələrin müvafiq sahədə mövcud strategiyaları ilə müqayisələr aparılıb. Bildirilib ki, Strategiya energetika sektorunda uzunmüddətli inkişafın təchizatın təhlükəsizliyi, iqtisadi səmərəlilik və davamlı inkişaf trilemmasına əsaslanmasını nəzərdə tutur. Həmçinin energetika sektorunun uzunmüddətli inkişaf Strategiyasında “COVID-19” pandemiyasının qlobal energetika sektoruna təsirləri, eləcə də ölkənin iqtisadi inkişafı ilə bağlı strateji sənədlərə uyğunluğu kimi məsələlər də nəzərə alınmalıdır.
Qeyd edək ki, bu sənədin hazırlanması “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli 1209 nömrəli Sərəncamı ilə Energetika Nazirliyinə həvalə edilib.
Zaur