Newscenter.az.6.07.2020. İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevə telefonla zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Dövlətimizin başçısı Nursultan Nazarbayevi yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, Qazaxıstanın inkişafı naminə fəaliyyətində yeni uğurlar arzulayıb. Prezident İlham Əliyev Nursultan Nazarbayevin müstəqil Qazaxıstan Respublikasının quruculuğunda müstəsna rolunu qeyd edərək, məhz onun yorulmaz səyləri nəticəsində Qazaxıstanın böyük inkişaf yolu keçdiyini, xalqın rifah halının təmin edilməsi və ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi istiqamətində böyük nailiyyətlərin əldə edildiyini vurğulayıb. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevlə Nursultan Nazarbayev arasında mövcud olmuş dostluq münasibətlərinin ikitərəfli əlaqələrimizin qurulmasında mühüm rol oynadığını bildirib. Eyni zamanda, Prezident İlham Əliyev Nursultan Nazarbayevin türkdilli dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi işinə verdiyi töhfələri də yüksək qiymətləndirib.
Nursultan Nazarbayev göstərilən diqqətə, təbrikə və xoş sözlərə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Azərbaycan-Qazaxıstan dostluq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.