Newscenter.az.9.07.2020. "Aprel, may və iyun aylarında biz, Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkməkdə davam etmişik".
Bunu "Report"a Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
"Beynəlxalq Qızıl Xaç Komitəsi mandatına uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar saxlanılan şəxslərə olan rəftar və onların saxlanma şəraitini monitorinq edir və həmçinin bu şəxslərə ailə əlaqələrini saxlamaqda köməklik göstərir. COVID-19 pandemiyası zamanı biz saxlanma yerlərinə məsul olanlarla saxlanılan şəxslərin sağlamlıq durumu və onlara göstərilən tibbi xidmətlə bağlı dialoq aparırıq. Dialoq mövcud pandemiya zamanı da davam edir. Bizim əlaqədar qurumlarla apardığımız dialoqun məzmunu məxfidir və şəxslərin sağlamlıq vəziyyəti barədə məlumatlar yalnız ailələri ilə paylaşılır. Başçəkmələr vasitəsilə aparılan monitorinq pandemiya ilə əlaqəli mövcud duruma uyğunlaşdırılıb və Beynəlxalq Qızıl Xaç Komitəsinin saxlanılan şəxslərlə bağlı fəaliyyəti zərər verməmək prinsipinə əsaslanaraq həyata keçirilir. Tətbiq olunan məhdudiyyətlər Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən nəzərə alınır", - təşkilat rəsmisi bildirib.