Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Eldəniz Səlimov: “Heç bir çətinlik bizim mübarizəmizi dayandıra, əzmimizi qıra bilməz”



Newscenter.az.10.07.2020. Sözsüz ki, dövlətin qüdrəti və rəhbərlərin dərin idarəetmə fəlsəfəsi özünü əsasən ağır şəraitlərdə və çətin zamanlarda göstərir. Əslində bütün çətinliklərinə rəğmən pandemiya dövrü dövlətlərə və onların liderlərinə imkan yaratdı ki, onlar böhranlı vəziyyətin idarə edilməsi ilə bağlı öz təcrübələrini və gücünü ortaya qoysunlar.

Cənab Prezident İlham Əliyev tərəfindən atılan addımların təhlili və görülən işlərin miqyası onu deməyə əsas verir ki, dövlətimiz böhranlı vəziyyətlərin peşəkarcasına idarə edilməsi üzrə yetərli təcrübəyə və gücə malikdir. Həmçinin, həyata keçirilən işlər bir daha ölkə başçımızın dəfələrlə qeyd etdiyi “bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” bəyanatının təsdiqi idi. Heç bir çətinlik bizim mübarizəmizi dayandıra, əzmimizi qıra bilməz.

Koronavirusa yoluxmaqdan sığortalanan ölkə yoxdur. Bu gün nümunəvi səhiyyə sisteminə malik olan, əhalisinin sayı isə Azərbaycanla müqayisə olunacaq bir sıra qabaqcıl ölkələrdə belə yoluxma sayı 60-70 min, ölüm sayı isə on minlərlə ölçülür. Dövlətimiz pandemiyanın ortaya çıxdığı ilk günlərdən onunla mübarizə aparmaq məqsədilə zəruri addımların atılmasına başlamışdır və bu gün də yoluxma sayının artmasını nəzərə alaraq lazımi tədbirləri davam etdirir. Bu tədbirlərin əsas məqsədi koronovirusla bağlı ən pessimist ssenariyə belə hazır olmaqdır. Artıq 800 çarpayılıq xəstəxana istifadəyə verilib və yaxın zamanda 1300 çarpayılıq yeni modul tipli xəstəxana da istifadəyə veriləcək. Ümumilikdə isə hazırda ikisi Bakıda, biri Sumqayıtda, biri Gəncədə və biri Abşeronda olmaqla beş modul tipli beş xəstəxana fəaliyyətdədir. Daha beş modul tipli xəstəxanın isə inşası təmin ediləcəkdir. Bununla yanaşı, ölkəmizin 45 xəstəxanasında koronovirus xəstələri müalicə alırlar. Qeyd edilməlidir ki, bu xəstəxanaların 36-sı məhz cənab Prezident İlham Əliyevin Sərəncamı ilə son dövrlərdə tikilib.

Dövlət öz üzərinə düşən öhdəliklərin lazımi qaydada icrasını, o cümlədən ölkə daxilində və beynəlxalq səviyyədə səylərini davam etdirir, hüquq-mühafizə orqanları qaydalara əməl olunmasına ciddi nəzarət edirlər, lakin bütün bunlarla yanaşı vətəndaşlarımız da sosial məsuliyyət göstərməlidirlər. Pandemiya dövründə xüsusi qaydalara qeyd-şərtsiz riayət olunmalıdır. Vətəndaşlarımız nizam-intizama tam məsuliyyətlə riayət etsələr, pandemiyanı nəzarətdə saxlamağa və ona qalib gəlməyə müvəffəq olacağıq. Ölkəmiz bu məqsədlə Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığını da uğurla davam etdirir. Təşkilatın direktoru iyulun 9-da bu əməkdaşlıq çərçivəsində Azərbaycan tərəfindən təşkil olunmuş Zirvə görüşündə iştirak edib. Qarşılıqlı əməkdaşlıq və məsləhətləşmələr bundan sonra da davam etdiriləcəkdir.

Təbii ki, mövcud şəraitdə ön planda insanların sağlamlığı durur, lakin pandemiya şəraitinə baxmayaraq, dövlətimiz sosial və iqtisadi tədbirlərin icrasında da fəallıq göstərir. Bu il məcburi köçkünlər üçün rekord sayda bina tikilməsi və 7 mindən çox köçkün ailəsinin yeni mənzillə təmin edilməsi nəzərdə tutulur. Şəhid ailələrinə 1500, qüsursuz xidmət edən zabitlərə isə 400 mənzilin verilməsi təmin ediləcəkdir. Həmçinin, bu il 85 min ailə, yəni, 300 mindən çox insan ünvanlı sosial yardım alacaq.

Son beş ayın yekunları göstərdi ki, iqtisadiyyatımız ciddi əsaslar üzərində qurulub. Azərbaycan iqtisadiyyatı bu müddətdə cəmi 1,7 faiz tənəzzülə uğrayıb ki, bu da ciddi sayılmayacaq dərədəcə cüzi göstəricidir. Bununla belə, pandemiya dövrünün çətinliklərinə baxmayaraq, heç bir sosial layihə təxirə salınmamış və ya ixtisar edilməmişdir. Əksinə, bu il büdcə xətti ilə reallaşan sosial layihələr ötən ilə nisbətdə daha effektiv olmuşdur. Son illər ərzində yaradılmış iqtisadi-maliyyə potensialı imkan verir ki, neftin qiyməti hətta 14 dollar da olsa, dövlətimiz istənilən böhrandan ciddi təsirə məruz qalmadan çıxa bilsin.

Dövlətimiz mövcud maliyyə potensialı sayəsində bu günə qədər 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərsə də, bu haqda məlumat verilməmişdir, çünki bütün bunlar piar üçün yox, ölkələrə həmrəylik borcu kimi edilir. Bu cür yardımlar, xeyirxahlıq və dəstək hesabına Azərbaycan daha çox dost qazanır və beynəlxalq arenada onun mövqeyi gündən-günə güclənir. Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin BMT Baş Assambleyasının “COVİD-19”a həsr olunmuş Xüsusi sessiyasının keçirilməsinə dair təşəbbüsünə verilən dəstək dövlətlərin Azərbaycana olan böyük inamını ifadə edir. Xüsusi sessiyanın keçirilməsinin əleyhinə səs verən yeganə ölkə Ermənistan idi. Bu təşəbbüsün dünya ictimaiyyətinin Dağlıq Qarabağ münaqişəsinə öz diqqətini bir daha artıracağını yaxşı bildiyinə görə Ermənistan buna etiraz etdi və yenidən təcrid edilmiş vəziyyətdə qaldı.

Ermənistan işğal edilmiş torpaqlarımızda qanunsuz məskunlaşma aparır, kilsələr tikir, şəhərlərimizin tarixi adlarını dəyişdirir ki, nə vaxtsa həmin ərazilərin erməni torpağı olduğunu iddia etsin. Ermənistan hələ müstəqil ölkə kimi formalaşandan dərhal sonra öz əsl xislətini göstərmişdi. Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməzlər. Başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan ölkə demokratik ola bilməz. Onlar bir milyon Azərbaycan vətəndaşının və Ermənistanda yaşayan azərbaycanlıların elementar insan haqlarını pozublar. Demokratiyanın, insan haqlarının pozulması halları bu gün Ermənistanın daxilində də geniş vüsət alıb. Təəssüf ki, Ermənistanın daim bu cür qərəzli siyasət aparmasına baxmayaraq, demokratiya və insan hüquqlarından ağızdolusu danışan Avropa təşkilatları buna göz yummaqda davam edir. Bunun əsas səbəbi isə erməni lobbisi və onun maliyyə vəsaitidir.

Münaqişənin həlli üçün hazırda ATƏT-in Minsk qrupu həmsədrlərinin növbətçi görüşlərindən başqa heç bir diplomatik səy göstərilmir. ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutu işğal edilmiş Azərbaycan torpaqlarında qanunsuz məskunlaşmaya, ekoloji vəziyyətin korlanmasına səssiz qalır. Ermənistandakı mövcud rejimin bölgəni narkotik maddələr və silah qaçaqmalçılığı bazasına çevirməsinə, keçirilmiş saxta seçkilərə də münasibət bildirmirlər. Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” deyəndə Azərbaycan buna layiqincə cavab verdi. Paşinyanın bu ifadəsi Minsk qrupunun vasitəçiliyi ilə davam edən danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. Minsk qrupu isə buna adekvat cavab vermədi.

Azərbaycan bütün bunlara baxmayaraq, öz məqsədyönlü fəaliyyəti ilə Ermənistanın faşist mahiyyətini daim ifşa edib və edəcək. Təsadüfi deyil ki, hazırki Ermənistan rəhbərliyi əvvəlki hakimiyyətin bütün çirkin əməllərini üzə çıxarır, Ermənistana 1998-ci ildən 2018-ci ilə qədər quldurların rəhbərlik etdiklərini qeyd edir. Əslində isə ermənilərin əsl mahiyyəti hələ çox əvvəllərdən də aydın olmuşdu. 1990-cı illərin sonlarında Ermənistan parlamentində terror hadisəsi onların əsl mahiyyətini üzə çıxarmışdı. Ermənistan terrorçu ölkədir və 2018-ci ilə qədər quldur, kriminal, rüşvətxor xuntanın hakimiyyəti Ermənistanı bu acınacaqlı vəziyyətə gətirib çıxarıb.

BMT-nin nizamnaməsinə görə Azərbaycanın özünümüdafiə hüququ var. Ermənistan BMT-dən üstün deyil və əlbəttə ki, BMT, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası, NATO kimi mötəbər beynəlxalq təşkilatların Azərbaycanın torpaq bütövlüyünü tanıyan qərarlar verməsi beynəlxalq aləmdə mövqeyimizi daha da gücləndirir. Bizim mövqeyimiz haqq-ədalət mövqeyidir. Biz tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanırıq. Bu səbəbdən, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimizdə hər hansı bir dəyişiklik yoxdur və ola da bilməz. Ölkə başçımızın da dediyi kimi: “Qarabağ Azərbaycandır və nida işarəsi”.

Eldəniz Səlimov-Milli Məclisin deputatı
Xəbəri paylaş