Newscenter.az.11.07.2020. “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı yaranmasının 2 ilini qeyd edir. Təşkilatın təşəbbüs qrupu 2018-ci il iyulun 11-də yaranıb. Həmin il noyabrın 13-də isə hərəkat rəsmi olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatı kimi qeydiyyata alınıb.
Newscenter.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, könüllülərin məqsədi aqrar sahənin inkişafı üçün çalışan könüllü cəmiyyəti formalaşdırmaqla gələcəkdə bu sahədə fəaliyyət göstərəcək ixtisaslaşmış kadrların yaranmasına, fermerlərin yanında olmaqla onların çətinliklərinin həllinə dəstək olmaqdır. Artıq respublikanın 50 regionunda fəaliyyət göstərən təşkilatın əsas hissəsi regionlarda olmaqla, ölkənin ən geniş yayılmış könüllülər hərəkatı kimi 3850-dən çox könüllünü ətrafına yığıb.
“Aqrar İnkişaf Könüllüləri” Kənd Təsərrüfatı Nazirliyinin regionlarındakı Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM), nazirliyin şöbələrində, elmi-tədqiqat institutlarında və ixtisaslaşmış laboratoriyalarında və ölkə əhəmiyyətli tədbirlərdə aktiv fəaliyyət göstərir.
Bitkiçilik üzrə, elektron kənd təsərrüfatı sisteminin tətbiqi və təbliği, yeni bazar alətlərinin istifadəsi, torpaqların keyfiyyət meyarlarının ölçülməsində fermerlərə dəstək və innovativ texnologiyaların tətbiqində iştirak etmək “Aqrar İnkişaf Könüllüləri”nin fəaliyyətlərinə daxildir.
“Könüllü qonşu”, “Fermerin dostu”, “Kənd Zəhmətkeşlərinin bir günü” layihəsi, “Aqrar İnkişaf Könüllülərinin I Ümumrespublika VEB Forumu”, “Aqroart” və pandemiya ilə əlaqəli maarifləndirmə yönümlü addımlar könüllülərin son həyata keçirdikləri layihələridir. Təşkilat eyni zamanda AKƏM- Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin təsisçilərindən biridir. Mərkəzlə birlikdə təşkilatçılıq çərçivəsində bir çox tədbirlər icra olunub.
Ötən zaman ərzində “Aqrar İnkişaf Könüllüləri” gənc kadrların formalaşması və onların karyera addımlarının stimullaşdırılması üçün universitetlərdə ardıcıl olaraq görüşlər keçirərək təbliğat kompaniyası apararaq müxtəlif istiqamətlərdə layihələr həyata keçiriblər.
“Ailələri sevindirməyə, üzlərində sevinc yaşatmağa hazırıq” devizi ilə icra edilən “Kənd Sovqatı” layihəsi aztəminatlı ailələrə yardım, sosial-ictimai məsuliyyət yönümlü layihərdən biridir.
Aqrar Könüllülər son zamanlar COVİD-19 pandemiyası ilə əlaqədar dünyada yaranmış çətin durumda insanlara dəstək olmağa çalışaraq tərəfdaşlıq etdikləri şirkətlərlə birgə ölkənin bütün rayonlarunda 100-lərlə ailəyə maddi və mənəvi dəstək olublar.
Bundan əlavə, aqrar sahədə ixtisaslaşmış gənc kadr potensialının artırılması məqsədilə “Aqrar İxtisaslaşmış Jurnalistlər”, “Gənc Aqronomlar Məktəbi”, gübrələrdən düzgün istifadə etmək, torpaqlarda məhsuldarlığın artımına nail olmaq üçün laboratoriyalardan istifadənin vacibliyini aşılamaq məqsədilə keçirilən “Mobil Laboratoriya”, aqrar sahədə data analitikası təbliği ilə bağlı 2 mərhələli keçirilən “Aqrodata”, aqrar təhsilin təbliği, gənclərdə özünə inam hissinin formalaşdırılması və sağlam düşüncəli, təhsil və karyerada uğurlu gənc nəslin yetişdirilməsinə töhfə vermək məqsədilə keçirilən “Aqrar İnkişaf Məqsədləri” (AİM) kimi layihələr reallaşdırılıb.
Eyni zamanda, Təşkilat müxtəlif universitet, təşkilat və müəssisələrlə əməkdaşlıq memorandumları imzalayıb, birlikdə müxtəlif layihələri icra edib.
Orxan