Newscenter.az.11.07.2020. Bu gün rəsmi Ankaranın Ayasofyanın muzey statusunu ləğv edib, onu yenidən məscidə çevrirmək niyyətinə ən sərt təpkilərin Yunanıstan və Rusiyadan gəlməsini hardasa başa düşmək olar. Çünki bu ölkələr ikisi də özlərini pravoslavlığın mərkəzi və tarixi hamisi hesab edirlər. Ayasofya da vaxtilə Müqəddəs Sofiya kilsəsi kimi fəaliyyət göstərərkən pravoslav xristianlığının əsas simvollarından olub.
Lakin tam 500 il məscid kimi fəaliyyət göstərmiş bu tikilinin təxminən 86 illik fasilədən sonra, indi yenidən öz əvvəlki funksiyasına qaytarılmasına ermənilərin etiraz etmələri və süni ajiotaj yaratmaları heç cürə anlaşılan deyil. Çünki bu məscidin (əvvəlki kilsənin) ermənilərlə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur.
Bu gün bu məsələni xristian-İslam düşmənçiliyi müstəvisinə çəkməyə çalışan ermənilərə onların öz vandallıqlarını xatırlatmaq lazımdır. Qarabağda müsəlman abidələrinə, məzarlarına qarşı, həmçinin muzeylərə və heykəllərə qarşı görünməmiş vəhşilik edən ermənilərin bu gün Ayasofya ilə bağlı şivən qoparıb, saxta təəssübkeşlik etməkləri sadəcə və sadəcə ikrah doğurur.
Ermənistandan fərqli olaraq nə Türkiyə, nədəki Azərbaycan mədəniyyətin düşməni deyil. Ayasofyanın bundan sonra hansı statusda fəaliyyət göstərməsi isə Türkiyənin öz daxili məsələsidir. Ermənilər Türkiyənin daxili işlərinə qarışmaqdansa, yaxşı olar ki, Qarabağda işğalçılığa son qoysunlar, tarixi abidələrimizə sahib çıxmağımıza imkan versinlər. Ayasofya üzərindən Türkiyəyə qarşı siyasət yürütmək ermənilərin başı üçün deyil.
Əlisahib Hüseynov-Demokratik Azərbaycan Dünyası Partiyasının sədri