Newscenter.az.16.07.2020. Bərdə rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünənki səslənişindən sonra qürurverici və təqdirəlayiq proses müşahidə edilir.
Newscenter.az xəbər verir ki, bu rayondan deputat seçilmiş Fatma Yıldırım deyib ki, Bərdə rayon üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə bu gün səhərdən başlayaraq 134 nəfər müraciət edib. Onun sözlərinə görə, bütün bunlar onu göstərir ki, Azərbaycan xalqı həmrəydir, yüksək vətənpərvərlik və döyüş ruhuna sahibdir və ehtiyac olduqda Ali Baş Komandanın əmri ilə bir yumruq kimi vətənin müdafiəsinə hazırdır:
"Bir daha bərdəlilərə sərtləşdirilmiş karantin rejiminin qaydalarına riayət edərək, bu gözəl təşəbbüsü həyata keçirdiklərinə görə dərin təşəkkürümü bildirirəm. Azərbaycan dövlətinə və igid Azərbaycan oğullarına eşq olsun".
Deputat onu da bildirib ki, dövlət sərhədinin Tovuz rayonu istiqamətində işğalçı Ermənistanın atəşkəs rejimini pozaraq təxribat törətmək cəhdinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən qarşısının alınması və düşmənə layiqli cavab verilməsi cəmiyyətimizdə hərbi vətənpərvərlik ruhunun daha da yüksəlməsinə səbəb olub:
"İnsanlarımız respublikamızın, demək olar ki, bütün guşələrində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək müzəffər ordumuzun şanlı qələbəsinə töhfə vermək arzularını birmənalı olaraq nümayiş etdirirlər".
Anar