Newscenter.az.17.07.2020. “Ermənistanın Tovuz istiqamətində hərbi təcavüzündən sonra, yenidən danışıqlar masasına oturmaq əleyhimizə işləyə bilər. Dövlət başçısı İlham Əliyev də Ermənistanla mənasız danışıqları qeyd etdi. Bundan sonra, Minsk qrupunun həmsədrlərinin israrlarına rəğmən videokonfrans şəkildə danışıqların keçirilməsi mümkün olmayacaq”.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, Azərbaycan buna getməyəcək:
“Bundan sonra nə danışılacağıda artıq mənasızdır. Ermənistan Baş naziri Nikol Paşinyan danışıqlar prosesinə kölgə salan qeyri-konstruktiv açıqlamaları ilə göstərirdi ki, həll variantlarına maraqlı deyil. Tovuzda dövlət sərhədində hərbi təcavüz aktı həyata keçirməklə bütövlükdə prosesi sıfırladı. O, bununla hesablayırdı ki, sərhəddə baş verənlərə görə Ermənistana Rusiya başda olmaqla digər ölkələr dəstək verəcək. Amma nəticə onun əleyhinə işlədi”.
Politoloq deyib ki, Nikol Paşinyan Belarusa səfər edib. Onun bu səfərdən əliboş gəlişi gözlənilir:
“Qayıtdıqdan sonra, anti-Rusiya isteriyasına başlayacaq. Amma, onun bu siyasi planı müqavimətlə qarşılana bilər. Hazırda Rusiya və digər həmsədr dövlətlər susqunluq nümayiş etdirir. Ermənistan bu təcavüzə başlarkən Nikol Paşinyan KTMT və Rusiyaya ümid edirdi. Göründüyü kimi Moskva Paşinyana rəsmi dəstək vermədi. Çünki Nikol Paşinyan Rusiyada arzuolunmaz şəxsdir və Kreml onun devrilməsində maraqlıdır. Amma Rusiyanın indiki susqunluğuna da etibar etmək olmaz. Qarabağ istiqamətində cəbhənin açılmaması Moskva faktorundan qaynaqlanır. Amma, Rusiyanın müqaviməti həlledici olmayacaq. Azərbaycan çox ciddi şəkildə dəstək almaqdadır. Azərbaycan əks-hücuma keçib bir neçə rayonu işğaldan azad edib, Ermənistanı güzəşt danışıqlar masasına əyləşdiməlidir”.
Məhəmməd Əsədullazadə söyləyib ki, bu hadisələr bütövlükdə Paşinyanın əleyhinə işləyir:
“Onun hakimiyyətdən getməsi, istefası mümkün ola bilər. Çünki onun qurduğu siyasi oyun birbaşa Ermənistan üçün acı nəticələrə gətirib çıxarır. Azərbaycan Qarabağda hücuma keçərsə, Ermənistanda Paşinyan əleyhinə mitinqlər olacaq. Məhz müharibənin başlatdığına görə istefası tələb olunması mümkündür. Qeyd edim ki, Paşinyan hakimiyyətdən gedərsə, "Qarabağ" klanının hakimiyyəti ələ alması mümkün deyil. Ermənistan ictimaiyyəti buna qarşı çıxacaq. Rusiyaya bağlı Çiçəklənən Ermənistan partiyasının sədri Q. Sarukyan və "Vətən" partiyasının sədri A. Vanetsyan hakimiyyəti ələ ala bilər. Bunların hər ikisi Paşinyanın düşmənidir”. Politoloq deyib ki, Ermənistanın Rusiyanın oxundan çıxması, bundan sonra çətin olacaq: “Çünki Paşinyan Azərbaycan əleyhinə Tovuzda hərbi təcavüz etməklə, bütün danışıqları sıfirlamaqla, islahatlar həyata keçirməsi,mümkün olmayacaq. Ermənistanda yenidən gərgin siyasi mərhələ başlayır. Azərbaycan Ermənistanın siyasi vəziyyətini növbəti dəfə dəyişir. Artıq proses Qarabağın azad olunması ilə nəticələnməlidir. Cəbrayıl, Füzuli və Ağdam götürülməlidir”.
Mehman