Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cari ilin 6 ayında 14 yeni yaşayış massivi qazlaşdırılıb



Newscenter.az.21.07.2020. “Azəriqaz” İstehsalat Birliyi 2020-ci ilin 6 ayının yekunlarına dair hesabatı açıqlayıb.

Newscenter.az-a qurumdan bildirilib ki, hesabat rəhbər heyətin, struktura daxil departament, idarə və şöbələrin, eləcə də Bakı və Sumqayıt şəhəri, ayrı-ayrı bölgələri əhatə edən regional idarələrin rəhbər şəxslərinin onlayn kollegiya iclasında müzakirə olunub. “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev ümumilikdə yanvar-iyun ayları ərzində nəticələrin qənaətbəxş olduğunu bildirib. Lakin həlli vacib olan, gecikdirilmədən icrasına zərurət tələb edən bir sıra məqamları da diqqətə çatdırıb. O, koronavirus (COVID-19) pandemiyası ilə bağlı xüsusi karantin rejimi dövründə Birliyin səylə çalışdığını, abonentlərin müraciətlərinin vaxtında, qüsursuz icra edildiyini bildirib. Sonra Birlik rəsmiləri ayrı-ayrı sahələri əhatə edən 6 ayın yekunlarından söz açıblar. Bildirilib ki, 2020-ci il ərzində qaz təchizatının normal rejimlərdə həyata keçirilməsi üçün şəbəkəyə 6 milyard 738 milyon 500 min kubmetr qaz qəbulu nəzərdə tutulub. Bu həcmin 3 milyard 978 milyon 300 min kubmetri artıq 6 ay ərzində qəbul edilib. Ötən illə müqayisədə 40 milyon 700 min kubmetr artıq qaz qəbul edilib ki, bu da daha 36 564 yeni əhali abonentinin qeydiyyata alınması, eləcə də yeni istehsal sahələrinin (xüsusilə istixanalar) istifadəyə verilməsi ilə bağlıdır. Bundan başqa karantin rejimi dövründə də əksər abonentlər evdə olduğundan bəzən havaların soyuq keçdiyi günlərdə qaz sərfiyyatında artım müşahidə olunub. Ümumilikdə, hazırda iyul ayının 1-nə olan statistikaya görə Birlikdə qeydiyyatda olan əhali abonentlərinin sayı 2 milyon 284 min 980 təşkil edir.

Ötən ilin 6 ayının göstəriciləri ilə müqayisədə qaz itkilərində 1,3 % azalma var. Buna hər il icra edilən tədbirlər proqramı əsasında şəbəkədə aparılan yenilənmə işləri və digər islahatlarla nail olunub. Qaz xətlərinə və sayğaclara qeyri-qanuni müdaxilələr ötən ilin 6 ayı ilə müqayisədə 1699 fakt azalıb. Qanunsuz müdaxilələrin azalmasının əsas səbəbi abonentlərlə aparılan maarifləndirmə işləri və yerlərdə nəzarətin gücləndirilməsidir.

2020-ci ildə 14 yeni yaşayış massivi qazlaşdırılıb. 30 yaşayış məntəqəsi, 27 yeni yaşayış massivində qazlaşma davam edir. 6 ay ərzində 583,1 km uzunluğunda yeni qaz xətti çəkilib. 57 ədəd qaz tənzimləyicisi, 58 ədəd müxtəlif diametrli siyirtmə və rəzələr quraşdırılıb. Plan üzrə 1125 qaz xəttindən 386-sı kipliyə sınaq olunub. Yanvar-iyun aylarında 41 979,5 metr yeraltı, 111 748,3 metr yerüstü qaz kəmərlərinə texniki baxış aparılıb. Bundan başqa 96 942 qaz sayğacı dövlət yoxlamasından keçirilib ki, bu da 2020-ci il üçün planlaşdırılan yoxlamanın 66 %-ni təşkil edir.

“104 Operativ Xidmət” şöbəsi 6 ay ərzində 574 697 müraciət qəbul edib. Müraciətlərin operativ cavablandırılması üçün imkanlar genişləndirilib, işçi sayı 9 nəfər artırılıb. “104 Operativ Xidmət”in fəaliyyətini dəyərləndirmək üçün cari ilin iyun ayı ərzində sosial şəbəkədə aparılmış anket-sorğunun nəticəsinə əsasən respondentlərin müxtəlif suallar ətrafında xidmətdən razılığı 82-91 % arasında dəyişib. «Asan Kommunal», «Asan xidmət» və «KOB» Evi mərkəzləri vasitəsilə 6 ayda 121 733 müştəri müraciətinə baxılıb.

Zaur
Xəbəri paylaş