Newscenter.az.22.07.2020. Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 145 ili tamam olur. Azərbaycan milli mətbuatı ötən dövr ərzində çox şərəfli və zəngin inkişaf yolu keçmişdir. Xalqımızın görkəmli ziyalıları, yazıçıları, mütəfəkkirləri mətbuat vasitəsilə milli şüurun, mənəviyyatın və mədəniyyətin formalaşmasına və inkişafına güclü təkan vermişlər. Müxtəlif dövrlərdə tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə milli mətbuatın inkişafı dövlətin prioritet məslələrindən birinə çevrilib, KİV-in azad fəaliyyəti üçün güclü qanunvericilik bazası yaradılıb, mətbuatın inkişafı, eləcə də jurnalistlərin normal fəaliyyəti üçün çoxsaylı sənədlər qəbul edilib. Eyni zamanda, mətbuat dövlət qayğısı ilə əhatə olunub. Ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk Fərman da məhz Heydər Əliyev tərəfindən imzalanıb. Ümummilli Liderin 1998-ci il 6 avqust tarixli sərəncamı ilə Azərbaycanda senzura ləğv olunub və fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına güclü təkan verib. 2000-ci il ölkəmizdə demokratik mətbuatın 125 illiyi təntənəli şəkildə qeyd edilib.
2001-ci il dekabrın 18-də ölkənin əsas kütləvi informasiya vasitələri və jurnalist təşkilatlarının rəhbərləri ilə görüşən Ulu Öndər mətbuatın problemlərini diqqətlə dinləyib, müvafiq göstərişlərini verib. Həmin görüşdən sonra bir problemlər operativ həllini tapıb, qəzetlər əlavə dəyər və mənfəət vergisindən azad edilib, onlara kreditlər ayrılıb.
Ümummilli liderin mətbuata bu cür dost münasibəti jurnalistlər tərəfindən də yüksək dəyərləndirilib, Heydər Əliyev 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq görülüb.
Bu gün müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Azərbaycanın artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradır. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi, 2009-cu il aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə atılan mühüm addımlardandır.
Milli mətbuatımızın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-ə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və bu sahədə çalışanlara göstərilən qayğının tərkib hissəsidir. Cənab Prezidentin Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında jurnalistlər üçün iki yaşayış binası tikilib. 2013-cü və 2017-ci illərdə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib. Dövlət başçısı 2017-ci ildə mətbuat işçiləri üçün sayca üçüncü yaşayış binasının tikintisi ilə bağlı sərəncam imzalayıb.
Dövlət başçısının “Azərbaycanın milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı da KİV-ə olan xüsusi diqqətinin nümunəsidir. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir və minlərlə jurnalistlər hər gün ölkə icitimaiyyətinin rifahı naminə yorulmadan çalışırlar.
Azərbaycan mətbuatı daima milli və dövlət maraqlarına xidmət edərək cəmiyyətimizin obyektiv, tərəfsiz və qərəzsiz informasiya ilə təmin edilməsində müstəsna rola malikdir. Jurnalistlərimiz həm də milli vətənpərvərliyi ilə seçilirlər, işğalçı Ermənistanla informasiya müharibəsində gecə-gündüz yorulmadan çalışırlar. Qarabağ savaşı başlayandan həyatlarını riskə ataraq ən qaynar döyüş xətlərindən operativ və düzgün informasiya verməklə, reportajlar hazırlamaqla cəmiyyətimizi dolğun məlumatlarla təmin edirlər. Alı Mustafayev, Salatın Əsgərova, Çingiz Mustafayev, Kazımağa Kərimov kimi şəhid jurnalistlərimiz həm də qəhrəmanlarımızdır. Qarabağ bölgəsində cəbhədə əsgərlərimizlə çiyin-çiyinə dayanaraq informasiya müharibəsində fədakarlıq edən jurnalistlərimizlə yalnız qürur duymaq olar.
Bu gün Azərbaycan işğalçı Ermənistanla həm ön cəbhədə, həm də informasiya müharibəsində döyüşlər aparır. Burada sözsüz ki, jurnalistlərimizin də üzərinə böyük məsuliyyət düşür. Son illərdə erməni təxribat və yalanlarının dünyada ifşa edilməsində mediamızın mübariz fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Hazırda Tovuz cəbhəsində düşmənlə üz-üzə əsil həqiqətləri çatdıran jurnalistlərimizin fəaliyyəti sayəsində düşmənin yalan məlumatları ifşa edilir.
Milli mətbuatımızın 145 illik yubileyi münasibətilə bu əlamətdar gündə bütün media nümayəndələrini ürəkdən təbrik edir, onlara öz işlərində yeni uğurlar arzulayıram.
Bayramınız mübarək!
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor