Newscenter.az.22.07.2020. “İyulun 12-də sərhəddə baş verən hərbi təxribat zamanı Azərbaycan öz suveren hüququndan istifadə edərək, Ermənistanın növbəti təxribatının qarşısını bu dəfə də qətiyyətlə almış, düşmənə adekvat cavab verilmişdir. Nəticədə Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu.” Bu fikirlər millət vəkili Könül Nurullayevanın İslam Əməkdaşlıq Təşkilatının rəsmi internet səhifəsində dərc olunan məqaləsində yer alıb. (http://www.una-oic.org/page/public/news_details.aspx?id=307329)
Newscenter.az-ın xəbərinə görə, məqalədə Ermənistanın mülki əhalini hədəfə almasına diqqət çəkilir, qeyd olunur ki, Tovuz rayonunun Ağdam kənd sakini 76 yaşlı soydaşımızı qətlə yetirdi. Ermənistan sivil insanları atəşə tutmaqla, onları qətlə yetirməklə əsl terrorçu və işğalçı mahiyyətini ortaya qoymuş oldu: “Dünya Ermənistanın əsl simasını bir daha gördü. Beynəlxalq ictimaiyyət bir daha şahidi oldu ki, Ermənistan bütövlükdə regionun təhlükəsizliyi üçün təhdiddir. “ Millət vəkili vurğulayır ki, baş verənlərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür: “Nə qədər paradoksal səslənsə də, Ermənistan bir tərəfdən beynəlxalq ictimaiyyətə müraciət edir və qoşunların təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək xahiş edir. Digər tərəfdən, hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək, mövqelərimizi zəbt etmək istəyir, mülki əhalini qətlə yetirir. Bu davranışların məntiqi izahı yoxdur. Azərbaycan prezidenti hər zaman bəyan edib - biz heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacağıq. Bu, həm işğalçıya, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan ismarıcdır. “
Məqalədə qeyd olunur ki, Ermənistan uzun müddətdir bu cür hərbi avantüralar yolu ilə üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır. Amma bu gün Azərbaycan KTMT-yə üzvü olmadığı halda Ermənistan istisna olmaqla bu təşkilatda təmsil olunan bütün dövlətlərlə sıx dostluq münasibəti qurub. “Dünyada sülh və əməkdaşlığın ən böyük dəstəkçisi olan Azərbaycanın təşəbbüsü ilə beynəlxalq təşkilatların zirvə görüşləri keçirilib. Məhz Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə qərar qəbul edilib. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Respublikasının Prezideni cənab İlham Əliyevin dünyanın 130-dan ölkəsi tərəfindən BMT Baş Assambleyasının COVİD-19 pandemiyasına qarşı videokonfrans vasitəsilə dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə çıxan yeganə ölkə məhz Ermənistandır. Yəni, Azərbaycan bütün dünyanın bu bəşəri bəla ilə mübarizədə birləşməsinə töhfə verdiyi halda, Ermənistan qlobal həmrəyliyə qarşı çıxmış olur”.
K.Nurullayeva sərhəddə baş vermiş təxribat zamanı dünya ictimaiyyətinin Azərbaycana dəstəyini də xatırladır: “İslam Əməkdaşlıq Təşkilatının baş katibliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində hücumunu, atəşkəsi pozmasını, nəticədə azərbaycanlı hərbçilərin həlak olmasını və yaralanmasını kəskin şəkildə pisləyir. Azərbaycan İslam həmrəyliyinə töhfə verən ölkə kimi müsəlman dünyasının nümayiş etdirdiyi dəstəyi təqdir edir. Bu gün İslam dünyasına da yaxşı məlumdur ki, Ermənistan Azərbaycanın tarixi torpaqlarını - Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu işğal edib. Həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb”.
Atəşkəs elan olunmasına rəğmən, Ermənistanın silahlı hücumları nəticəsində mülki şəxslərin və hərbçilər həlak olduğunu qeyd edən millət vəkili vurğulayır ki, özünü müsəlman ölkələrinin dostu kimi qələmə verməyə çalışan Ermənistan Dağlıq Qarabağ və ətraf bölgələrdə məscidləri və dini abidələri dağıdıb, İslam dəyərlərini məhv etməklə məşğuldur: “Azərbaycan Prezidentinin də söylədiyi kimi, məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz. Biz İslam dünyasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli və beynəlxalq hüquq normaları çərçivəsində həllinə dəstəyinin bundan sonra da davam edəcəyinə əminik.”
Anar