Newscenter.az.23.07.2020. “Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamının icrası ilə bağlı İşçi Qrup hazırda Tovuz rayonunda Ermənistanın Silahlı Qüvvələrinin atəşi nəticəsində baş vermiş fəsadların aradan qaldırılması ilə bağlı yerlərdə araşdırma işlərini artıq yekunlaşdırıb”.
Bunu “Report”un Qərb bürosuna açıqlamasında Tovuz Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi Mübariz Məmmədov deyib.
Onun sözlərinə görə, dəymiş ziyanın qiymətləndirilməsi işləri davam etdirilir: “Rayonun 6 sərhəd - Ağdam, Dondar Quşçu, Əlibəyli, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində dəymiş ziyanın yerlərdə araşdırılması artıq yekunlaşıb. İşçi Qrup bu ziyanın qiymətləndirilməsi ilə məşğuldur. Görülən tədbirlər bir daha onu deməyə əsas verir ki, Azərbaycanda dövlət siyasətinin ana xəttini insan amili təşkil edir. Dövlətimiz hər zaman vətəndaşlarının yanındadır və onların təhlükəsizliyini təmin etmək hüququndadır”.
Tovuz RİH-in rəsmisi bildirib ki, qeyd olunan kəndlər arasında ən çox zərər Dondar Quşçu kəndinə dəyib: “Yuxarı Öysüzlü kəndində 5 yerdə ziyanlar aşkarlanıb. Sahibkarlıq obyektlərində ziyanlar var. Ümumilikdə, 61 təsərrüfat yoxlanılıb və həmin təsərrüfata dəyən ziyanın həddi, dərəcəsi araşdırılır. Bundan əlavə, infrastruktura da ziyan dəyib. Ağır artilleriyadan atılan mərmilər qaz, elektrik xətlərini sıradan çıxarıb”.