Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qrunt suları Bakının yaşıllaşdırılmasına xidmət göstərəcək



Newscenter.az.27.07.2020. "Bakı Metropoliteni" QSC Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə layihə həyata keçirməyə başlayıb.

Bu barədə Newscenter.az-a səhmdar cəmiyyətindən bildirilib.

Məlumata görə, texniki məqsədlər, ələlxüsus yaşıllıqların suvarılması üçün yeraltı qrunt sularından səmərəli istifadə olunmasını nəzərdə tutan layihə üzrə ilk mühüm addım "Nizami" stansiyasının yerləşdiyi ərazidə atılıb.

Məlumdur ki, mürəkkəb hidrogeoloji şəraitə malik Bakı yeraltı qrunt suları ilə zəngindir və onun ən çox təsir etdiyi sahələr arasında metropoliten xüsusi çəkiyə malikdir. Yeraltı nəqliyyat vasitəsi kimi metropolitendə bu sular texnoloji prosesə uyğun olaraq, müəyyən edilmiş mənbələrə istiqamətləndirilir və xüsusi mühəndis-texniki qurğularda nasoslar vasitəsilə kənarlaşdırılır.

İlkin mərhələdə qısa müddət ərzində qrunt sularının daha gur olduğu və suyun debitinin müvafiq tələblərə cavab verdiyi "Nizami-Elmlər Akademiyası" mənzilində qrunt sularının tərkibinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ixtisaslaşmış laboratoriyası şəraitində öyrənilməsi və müsbət rəyin alınmasından sonra, layihənin icrasına başlanılıb.

"Nizami" stansiyası və müvafiq yol mənzilində yerləşən mühəndis-texniki qurğulardan suyun nəql edilməsi məqsədilə 114 mm diametrində dəmir borulardan 70 metr uzunluğunda xətt çəkilib, 100 mm-lik siyirtmələr qoyulub. Həcmi nəzərə alınmaqla ötürüləcək suyun toplanması üçün 60 ton tutumlu çən quraşdırılıb. Suyun xüsusi maşınlara doldurulmasını sürətləndirmək üçün çənin çıxışı müvafiq texniki parametrlərə cavab verən nasosla təmin edilib.

Burada doldurulan ilk su maşınları artıq paytaxtın yaşıllaşdırılması üçün vacib olan işlərə töhfəsini verməyə başlayıb.

İstifadəyə verildiyi 53 il ərzində paytaxtın rəmzlərindən birinə çevrilən, əsas nəqliyyat vasitələrindən biri kimi insanların şəhərdə hərəkətinin rahatlığını təhlükəsizliyini və sürətini təmin edən, Bakının memarlıq görkəminə xüsusi cizgilər qatan Bakı metropoliteni daha bir vacib sahəyə fayda verməyə başlayıb.

Bakının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında əhəmiyyətli rol oynayacaq bu layihənin həyata keçirilməsi davamlı olacaq. Metroda qrunt sularının debitinin kifayət qədər olduğu daha bir neçə sahədə araşdırmalar yekunlaşmaq üzrədir.

Beləliklə, bundan belə metropoliten tunellərindən kənarlaşdırılaraq, şəhər kanalizasiyasına axıdılan yeraltı sular Bakının yaşıllaşdırılmasına xidmət edəcək. Bu layihə sudan istifadədə qənaətə nail olmaqla yanaşı, Bakının yaşıllıqlara bürünməsində, ağacların qurumasının qarşısın alınmasında, ekoloji tarazlığın bərpa olunmasında, eyni zamanda paytaxtın sosial-iqtisadi rifahının yüksəlməsində böyük rol oynayacaq.

Anar
Xəbəri paylaş