Newscenter.az.29.07.2020. İyulun 29-u tarixində Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Kəhriz Tədqiqat və Məlumat Mərkəzi (KTİM) tələbələr üçün tədris planına daxil ediləcək Kəhriz mühəndisliyi kursunun inkişafı prosesinə həsr olunmuş onlayn seminar keçirdi. Koreyanın Beynəlxalq Əməkdaşlıq üzrə Agentliyinin (KOICA) tərəfindən maliyyələşdirilən "Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı" layihəsi çərçivəsində təşkil olunan bu tədbirdə ADAU və Naxçıvan Dövlət Universitetinin müəllim və tələbə heyəti, KTİM-in əməkdaşları, BMqT nümayəndələri və ekspertlər iştirak etdilər.
Newscenter.az xəbər verir ki, BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev giriş nitqində Mərkəzin yaradılması, ADAU-da Kəhriz Mühəndisliyi fənnini tədris edəcək 10 seçilmiş müəllim heyəti üçün təlim və tanışlıq səfərləri də daxil olmaqla adı çəkilən layihənin icrası nəticəsində əldə edilmiş bacarıq və biliklərin yeni nəsillərə ötürülməsi sahəsində görülmüş işlərdən danışdı.
Vladimir Qyorqiyev seminarın kəhriz mühəndisliyi peşəsi ilə bağlı bilik və təcrübənin yeni mühəndis nəsillərinə ötürmək istiqamətində növbəti addım olduğunu və bu tədbirin 80-dən çox alim, dövlət rəsmisi, mühəndis və digər ekspertlərin iştirakı gözlənilən Kəhriz Mühəndisliyi üzrə planlaşdırılan Regional Konfrans üçün yaxşı zəmin yaradacağını qeyd etdi.
ADAU-nun rektoru İbrahim Cəfərov öz çıxışında BMqT-ın KOICA tərəfindən maliyyələşdirilən layihə çərçivəsində gördüyü işləri yüksək qiymətləndirdi və layihəyə hərtəfli dəstək verəcəklərini bildirdi: "Bu layihə bu gün qlobal iqlim dəyişikliyi səbəbindən su çatışmazlığından əziyyət çəkən ölkəmiz üçün çox aktual və vacibdir".
Seminar zamanı iştirakçılar mövcud kəhriz sistemlərinin tarixi, bu sahədə aparılan tədqiqatlar, ən yaxşı təcrübələr haqqında təqdimatlar etdilər və kəhriz mühəndisliyi, Azərbaycanın müxtəlif bölgələrində kəhrizlərin bərpası ilə bağlı təcrübələrini bölüşdülər.
Qeyd edək ki, Beynəlxalq Miqrasiya Təşkilatı və Azərbaycan Dövlət Aqrar Universitetinin Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində 2019-cu ildə yaratdıqları Kəhriz Tədqiqat və İnformasiya Mərkəzi kəhriz sistemləri haqqında məlumatların toplanması, tədqiqatların aparılması, kəhrizlər haqqında bilik və təcrübələrin mübadiləsi üçün ixtisaslaşmış məkan rolunu oynayır.
Adı çəkilən layihə çərçivəsində məcburi köçkünlərin də sıx məskunlaşdığı Ağdam, Ağcabədi, Bərdə, Fuzuli, Gəncə, Qazax, Goranboy və Göygöl rayonlarının ərazisində 40-a yaxın kəhrizin bərpası nəzərdə tutulur. Layihə kəhrizlərin bərpası ilə yanaşı, yerli icmaların dayanıqlığının artırılması, icmalarda məşğulluğun inkişafı və tədrisi də özündə cəmləşdirən komponentlərə malikdir.
Sevinc