Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Emin Hacıyev: “Təcavüzkar ölkənin bütün təxribatlarına layiqli cavab veriləcək”



Newscenter.az.10.09.2020. “İşğalçı Ermənistan zəbt etdiyi Azərbaycan torpaqlarından geri çəkilmək əvəzinə təxribatçı addımlarını daha da intensivləşdirib. Mənfur düşmənin iyulun 12-də Tovuz istiqamətində dövlət sərhədini pozmağa cəhd etməsi, baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağa səfəri, onun arvadı Anna Hakopyanın qadınlara döyüşə hazırlıq çağırışları, könüllü hərbi dəstələrin yaradılması, Livan ermənilərinin işğal altındakı Azərbaycan torpaqlarında yerləşdirilməsi münaqişə ətrafında gərginliyi artırmağa xidmət edir”.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Emin Hacıyev səsləndirib. Onun sözlərinə görə, təsadüfi deyil ki, Rusiyanın “Nezavisimaya qazeta” nəşri Paşinyanın bu addımlarını Ermənistanın hərbi əməliyyatların bərpası üçün yeni təxribatlara əl atacağı ilə əlaqələndirib:

“Bu gün Ermənistan hər vəchlə danışıqlar prosesini pozmağa çalışaraq yenilənmiş “Madrid prinsipləri”ndən faktiki olaraq imtina edir. İşğalçı ölkənin xarici işlər naziri Zöhrab Mnatsakanyanın son açıqlamaları bir daha göstərir ki, Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil. Tovuz hadisələrindən sonra Ermənistanın genişmiqyaslı silahlanması da təcavüzkar ölkənin yeni məkrli planlarından xəbər verir. Paşinyanın Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfəri və əsasən hərbi obyektlərdə olaraq, oradakı vəziyyətlə maraqlanması növbəti dəfə Ermənistanın işğalçı ölkə olduğunu və ilhaqçı siyasət yürütdüyünü nümayiş etdirdi. Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəri Araik Arutyunyanın müharibə çağırışları edərək, Gəncəni vurmaq kimi sərsəm bəyanatlar səsləndirməsi isə yeni Qarabağ savaşını tətikləmək məqsədi daşıyır. Ermənistan rəhbərliyi müharibəyə təhrikedici açıqlamalar verməklə daxili auditoriyanın diqqətini pandemiya səbəbindən daha da ağırlaşan sosial-iqtisadi vəziyyətdən yayındırmağa çalışır”.

Deputat deyib ki, hazırda narahatlıq doğuran məsələlərdən biri də Ermənistan tərəfindən işğal altında olan Azərbaycan ərazilərinin qeyri-qanuni məskunlaşdırılmasıdır:

“Suriya ermənilərindən sonra bu dəfə Livan erməniləri Dağlıq Qarabağa köçürülməkdədir. Ermənistanın bu əməlləri beynəlxalq humanitar hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə Protokollarının kobud şəkildə pozulmasıdır. Lakin beynəlxalq təşkilatlar, xüsusən münaqişənin həllində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu bu cinayətlərə göz yumur, susqunluq nümayiş etdirir. Bütün bunlar bir daha göstərir ki, Ermənistan BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələblərinə uyğun olaraq qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmaq haqqında nəinki düşünmür, üstəlik təxribatlara əl atır, danışıqlar prosesini tam olaraq iflasa aparır. Təcavüzkar ölkə anlamalıdır ki, onun bütün təxribatlarına layiqli cavab verən qüdrətli Azərbaycan Ordusu torpaqlarımızı qısa bir zamanda işğaldan azad etmək, ərazi bütövlüyümüzü bərpa etmək gücündədir. Aprel döyüşləri və Tovuz hadisələrində mənfur düşmənə gücünü göstərən Ordumuz bizə böyük Qələbə sevincini yaşatmağa qadirdir”.

Anar
Xəbəri paylaş