Newscenter.az.11.09.2020. "Bir neçə müddətdir ki, sosial şəbəkələrdə Azərbaycanda polis və xaricdə polis başlıqlı, müqayisə xarakterli video və şəkillərə rast gəlirəm. İlk öncə onu qeyd etmək istəyirəm ki, cənab Prezidentimiz İlham Əliyevin Azərbaycan polisinə olan etimadı çox yüksəkdir. Bu gün asayişin qorunmasında polisin xüsusi xidmətləri yüksək dəyərləndirilməlidir”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Eldəniz Səlimov səsləndirib. O, qeyd edib ki, ölkəmizin dünyada sabitlik adası kimi tanınması, nüfuzlu beynəlxalq təşkilatların öz tədbirlərini keçirmək üçün məhz Azərbaycanı seçmələri təsadüfi deyil:
“Bu, dövlət başçısının müəyyənləşdirdiyi daxili və xarici siyasətin bəhrəsi, eyni zamanda, polisin öz vəzifə borcunu ləyaqətlə yerinə yetirməsinin bariz nümunəsidir. Xalqımızın, millətimizin sakit və firavan həyat sürməsi üçün gecəsini gündüzünə qatan, öncəliyi bizim rahat yaşayışımız olan Azərbaycan polisi var. Biz dəfələrlə şahidi olmuşuq ki, polis əməkdaşları vətəndaşlarımızın həyatının xilas edilməsi üçün böyük fədakarlıq göstərir, hətta həyatlarını riskə belə atırlar. Məsələn, hər hansı bir binada, ticarət mərkəzində yanğın baş verən zaman, avtomobil qəzası və ya digər hadisələrdə Azərbaycan polisinin nə qədər böyük vətənpərvərlik nümayiş etdirdiyi, oradakı insanların həyatını xilas etmək üçün öz canlarından keçməyə hazır olduqları hər birimizin gözləri önündə baş verir”.
Deputat bildirib ki, hər kəs bu peşənin ağırlığını, məsuliyyətini dərk edə bilməz:
“Biz hamımız görürük ki, dünya ölkələrində tüğyan edən özbaşınalıq, iğtişaşlar, küçə qarşıdurmaları bizdən çox-çox uzaqdadır. Bunun başlıca səbəbi düzgün idarə etmədir. Xarici dövlətlər artıq öz millətini sivil yolla deyil, polis zorakılığı ilə idarə etməyə və güc göstərməyə çalışır. Bəli müqayisə ediləndə bizim ilə onlar arasında yer ilə göy qədər fərq vardır. Millət sevgisi, vətəndaş sevgisi bizim hər bir polisimizin qəlbindədir. Azərbaycan polisi şərəfli bir yol keçərək, Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət edib, dövlətçiliyin əsas sütunlarından birinə çevrilib. Təbii ki, bu uğurlar ölkəmizdə sabitliyi pozmağı özlərinin əsas fəaliyyətinə çevirmiş radikal müxalifəti heç cür qane edə bilməz. Çünki belə satqınlar və onlara dəstək verən dairələr ölkədəki əmin-amanlığı, təhlükəsizliyin yüksək səviyyədə təmin olunmasını həzm edə bilmirlər. Ona görə də qərəz və böhtana əl ataraq, Azərbaycan polisi haqqında şər və böhtanla dolu informasiyalar yayırlar. İnsanları bu yalanlara, böhtanlara inandıra bilməzlər. Yaşasın Azərbaycan polisi, yaşasın Azərbaycan!”.
Anar