Newscenter.az.11.09.2020. “Artıq bir neçə gündür ki karantin qaydalarının yumşaldılması ilə bağlı zəruri tədbirlərin görüldüyünün şahidiyik. Gündəlik göstəricilərdə sağalan xəstələrin saynın yeni yoluxan xəstələrin sayından artıq olması hər kəs üçün sevindirici haldır”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Eldəniz Səlimov səsləndirib. O, bildirib ki, bu dövlətimizin gördüyü qabaqlayıcı tədbirlər sayəsində baş vermiş və vətəndaşlarımızın məsuliyyətli olmasından irəli gəlib:
“Karantin qaydalarının yumşaldılması və bəzi qoyulmuş qadağaların aradan qaldırılması artıq toy şənliklərinin də keçirilməsi üçün zəmin yaradır. Neçə aylardır övladlarına toy edə bilməyən valideynlərin narahatlıq və təlaşları başa düşüləndir. Hamı istəyir ki, övladı ailə həyatı qursun, xoşbəxt yaşasın. Doğrudur elə cütlüklər oldu ki, onlar heç toy edə bilməməklərini fikirləşmədən nikah masasına əyləşib ailə həyatı qurdular. Lakin əksəriyyət belə sadə toy etmək istəmir. Bunun üçün hər bir kəs daha da ehtiyyatlı və tələbkar olmalıdır”.
Deputat deyib ki, yumşaldılma dövründə artıq bəzi insanlar tibbi maskadan istifadə belə etmirlər:
“Belə hallar qətiyyən yolverilməzdir. Mən elə düşünürəm ki, toyların baş tutması üçün nəzarət daha da gücləndirilməlidir. Dəvət olunan insanların maksimum sayı 100-150 nəfər olmalı, bir masa arxasında 6 nəfərdən artıq olmamaq şərti ilə masalarda ara məsafəsi qorunmaqla əyləşməli, restorana daxil olarkən tibbi maskadan istifadə edilməli, mütləq şəkildə hər bir qonağın hərarəti ölçülməli və hərarəti yüksək olanlar məclisə buraxılmamalı, spirtdən istifadə edilməlidir. Bütün bu qaydalara riayət olunsa toy məclislərinin keçirilməsi mümkün ola bilər. Əks halda heç bir məclisdən söz gedə bilməz. Bütün bunların baş verməsi isə yenədə vətəndaşlarımızdan asılıdır. Hər kəsdən xahiş edirəm bütün qaydaların ciddiyətinə məhəl qoyaraq ehtiyyatlı davransınlar”.
Anar