Newscenter.az.14.09.2020. Molekulyar bioloqlar insan və siçan hüceyrələrində müxtəlif növ koronavirusların hissəcikləri ilə birləşə və onların çoxalmalarını ləngidə bilən mikro RNT molekulu kəşf ediblər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “PeerJ” adlı elmi jurnalda dərc olunan məqalədə deyilir.
Alimlər miR-21-3p mikro RNT-nin inslarda qeydə alınmış koronavirusun bütün növlərinə birləşmək baxımından böyük potensiala sahib olduğunu aşkar ediblər. Virusun bu molekuldan aktiv immun reaksiyanı təxirə salmaq üçün yoluxmanın ilkin mərhələsində çoxalmanı yavaşlatmaq məqsədilə istifadə etdiyi ehtimal olunur.
İnsanların və bütün digər canlıların hüceyrələri çox sayda qısa RNT sapları yaradır. Onlar “RNK matrisi” - hüceyrələrin zülallar yaratmaq üçün şablon kimi istifadə etdikləri DNT-nin bu hissəsinin bir növ “işlək nüsxələri” ilə bağlanaraq bu və ya digər genin fəaliyyətini çevik şəkildə idarə edirlər.
Tədqiqatçılar bu cür mikro RNT molekullarının süni nüsxələrini təcrübələrdə fəal şəkildə istifadə edirlər, çünki onlardan xərçəng və digər xəstəliklərə qarşı mübarizə yollarından biri kimi istifadə edilə biləcəyini düşünürlər. Bundan əlavə, bu yaxınlarda Koreya alimləri koronavirus genomunun əsas hissələrinə bağlana bilən qısa RNT sapları dəsti yaradaraq koronavirusun çoxalmasının qarşısını ala biliblər.
Bioloqlar bu tip kəşf edilmiş molekulların SARS-CoV-2 və digər koronaviruslarla, o cümlədən soyuqdəymə və atipik pnevmoniya yaradan koronavirusla necə qarşılıqlı əlaqədə olacağını təhlil ediblər. Məlum olub ki, dörd mikro RNT ailəsi bilinən bütün insan koronaviruslarına bağlana bilər. Atipik pnevmoniyaya yoluxmuş siçanların orqanizmində onların qarşılıqlı təsir xarakterlərini öyrənən bioloqlar bu molekullardan birinin - miR-21-3p-nin konsentrasiyasının xəstə gəmiricilərin ağciyər hüceyrələrində normadan səkkiz dəfə çox olduğunu aşkar ediblər.