Newscenter.az.14.09.2020. Suriyadan sonra indi də Livan ermənilərini Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirmək cəhdi bu düşmənçiliyinin əyani göstəricisidir. Livandakı partlayışdan sonra həmin ölkədə yaşayan sadə erməniləri saxta təbliğat və yalan vədlərlə Azərbaycanın işğal olunmuş torpaqlarına köçməyə həvəsləndirmək erməni riyakarlığının növbəti təzahürüdür. Əlbəttə ki, Livan ermənilərini Dağlıq Qarabağa köçürmək cəhdi işğalçı Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir və bir dövlətin işğal olunmuş ərazilərində başqa bir dövlət tərəfindən qanunsuz məskunlaşdırma siyasətinin həyata keçirilməsi beynəlxalq hüquqa təhdiddir.
Ermənistan qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirməklə işğal etdiyi Azərbaycan ərazilərində demoqrafik vəziyyəti, etnik quruluşu zorla və süni şəkildə dəyişməyə çalışır. Ermənistanın məqsədi Dağlıq Qarabağ bölgəsində qanunsuz olaraq 500 minə qədər erməni məskunlaşdırmaqla bölgənin etnik tərkibini dəyişməkdir. Lakin o da faktdır ki, qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulması deməkdir. Eyni zamanda, müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə Konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir. Bu da o deməkdir ki, Ermənistanın qanunsuz məskunlaşdırma fəaliyyəti beynəlxalq hüququn kobud şəkildə pozulması ilə yanaşı hərbi cinayətdir.
Beynəlxalq təşkilatlar Ermənistanın qanunsuz məskunlaşma siyasətinin qarşısı qətiyyətlə alma, təcavüzkar dövlətə sanksiyalar tətbiq etməlidirlər. Ermənistan və separatçı rejim qanunsuz məskunlaşdırma siyasətinin ciddi reaksiya doğuracağını bilə-bilə siyasi təxribata əl atır. İrəvan açıq şəkildə bölgənin demoqrafik quruluşunu dəyişmək və regionun işğalını qanunləşdirmək üçün kart-blanş əldə etməyə çalışır. Ermənistan rəhbərliyinin məqsədi danışıqlar prosesini tamamilə məhv etmək və işğal olunmuş Azərbaycan ərazilərinin ilhaqına nail olmaqdan ibarətdir. Belə bir niyyət isə Cənubi Qafqazda siyasi-hərbi eskalasiyanı dərinləşdirə bilər. Bu zaman bütün məsuliyyət Ermənistan tərəfinin üzərində olacaq. Belnəlxalq təşkilatlar bu məqamı xüsusilə diqqətə almalı və Ermənistana münasibətdə ikilistandartlı siyasəti aradan qaldırmalı, işğalçını adı ilə çağırmalı, beynəlxalq hüquqa zidd bütün əməllərinin qarşısını almaq üçün hərəkətə keçməlidir.
Sədaqət Vəliyeva-Milli Məclisin deputatı