Newscenter.az.14.09.2020. Ermənistan hökumətinin Livan ermənilərini Azərbaycanın işğal olunmuş torpaqlarında məskunlaşdırmaq cəhdi düşmən ölkənin yeni planlarından xəbər verir. Məsələ sadəcə işğal olunmuş ərazilərdə demoqrafik boşluğu aradan qaldırmaq məsələsi deyil. Bu planın arxasında eyni vaxtda bir neçə məqsədə nail olunması nəzərdə tutulur.
Paşinyan iqtidarı etnik tərkib baxımından Dağlıq Qarabağı büsbütün erməniləşdirməyi planlaşdırır. Belə ki, bölgənin əhalisinin yalnız ermənilərdən ibarət olması münaqişənin həlli üzrə danışıqlarda Azərbaycan üçün ciddi problemlər yarada bilər. Məqsəd Azərbaycanı fakt qarşısında qoymaqdır. Yəni ki, düşmənimiz əhalisi tamamilə ermənilərdən formalaşmış bir bölgənin Azərbaycanın tərkibində qalmaq istəməməsi faktından bəhanə kimi istifadə edə bilər.
Üstəgəl, Ermənistan hökuməti məskunlaşdırma "çətir"i altında əraziyə təkcə mülki erməniləri deyil, həm də potensial terroristləri, muzdlu qatilləri toplayır. Bu isə düşmənə Qarabağda real hərbi əməliyyatların başlayacağı təqdirdə əlavə döyüş qüvvəsi kimi, insan resursu kimi lazımdır. Müxtəlif konflikt zonalarında, eləcə də Livan, Fələstin, Suriya terror-təlim düşərgələrində təcrübə toplamış bu muzdlular İkinci Qarabağ Müharibəsində ordumuza ciddi problemlər yarada bilər.
Odur ki, Ermənistanın işğal altındakı Dağlıq Qarabağda həyata keçirdiyi qanunsuz məskunlaşdırma siyasətinin qarşısını almaq üçün rəsmi Bakı tərəfindən bəyanatların verilməsi ilə bərabər, BMT və ATƏT kimi mötəbər beynəlxalq təşkilatlar da məsələyə təcili münasibət bildirməli, İrəvanı və Dağlıq Qarabağdakı xunta rejimini bu cür təxribatçı hərəkətlərə dərhal son qoymağa məcbur etməlidir. Əks təqdirdə, ermənilər bəyanatla geri çəkiləsi deyillər.
Ermənistanın hazırki Baş naziri olduqca fürsətcil siyasətçidir. O, hazırda beynəlxalq siyasətdəki boşluqdan və hərcmərclikdən istifadə edib Suriya və Livan ermənilərini Azərbaycanın işğal olunmuş ərazilərinə köçürür. Şuşa, Laçın, Qubadlı, Zəngilan və işğal olunmuş digər ərazilərimiz ermənilər tərəfindən tam məskunlaşdırıldıqdan sonra isə onları torpaqlarımızdan qovub çıxarmaq həddindən artıq müşkül məsələyə çevriləcək. Biz onların bu cür məkrli planı həyata keçirmələrinə yol verməməliyik. Ərazilərimizin ermənilər tərəfindən qeyri-qanuni məskunlaşdırılması prosesinin qarşısı bütün vasitələrlə alınmalıdır.
Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Livan ermənilərinin Şuşaya köçürülməsinə münasibət bildirməsini və bunu cinayət adlandırılmasını düzgün addım kimi qiymətləndirirəm. Bəli, cinayətkarı öz adı ilə çağırmağın və onu dayandırmağın vaxtı yetişib.
Əlisahib Hüseynov -
Milli Həmrəylik Partiyasının (MHP) sədri