Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəkidə 3 min əhalinin istifadə etdiyi avtomobil yolu yenidən qurulur



Newscenter.az.14.09.2020. Ölkə başçısının 30 iyul 2020-ci il tarixli Sərəncamına əsasən, 3 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən və Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun 134-cü km-də başlanğıcını götürən Şirinbulaq marşrutu üzrə kəndləri əhatə edən avtomobil yollarının yenidən qurulması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişmiqyaslı tikinti işləri həyata keçirilir.

Newscenter.az-a Agentlikdən bildirilib ki, Şəki rayonu Aşağı Kəldək, Aşağı Daşağıl, Aydınbulaq, Əliyar, Şirinbulaq, Çolaqlı kəndlərini əhatə edən avtomobil yollarının uzunluğu 28.1 km təşkil edir. Bu respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 134-cü km-də ayrılan və 18 km uzunluğa malik Aydınbulaq avtomobil yolu, həmçinin başlanğıcını Aydınbulaq yolundan götürən və 10.1 km olan Aşağı Kəldək, Aşağı Daşağıl, Şirinbulaq və Çolaqlı kəndlərinin yollarıdır.

Avtomobil yollarının müxtəlif hissələrində yerləşən suötürücü borular uzun müddət istismar olunduğundan boruların sukeçiricilik qabiliyyəti azalıb, borularda və boru başlıqlarında sınma və çatlama halları yaranıb, nəticədə suötürücü borular istismar üçün yararsız vəziyyətə düşüb. Bu üzdən yollar boyu müxtəlif diametrlərə malik azbest, metal və dəmir-beton boruların sökülərək çıxarılması, əvəzinə 54 yeni metal və dəmir-beton suötürücü boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla təmiri, 2 yerdə dördbucaqlı su keçidinin inşası də layihə üzrə yerinə yetirilən işlərdəndir.

Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları və əyrixətli dəmir tirlərin, hərəkətin normal təşkil üçünsə yol nişanlarının, siqnal dirəklərinin və km göstəricicilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi nəzərdə tutulur.

Sözügedən yolların yenidən qurulması ilə 5 yaşayış məntəqəsinin 3 mindən artıq əhalisinin istər Şəki şəhər mərkəzinə, istərsə də Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə qonşu rayonlara gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq. Ən əsası yolun tikintisi ilə bu ərazidə kənd təsərrüfatının inkişafı hədəflənir ki, bu da birbaşa olaraq yol boyu yaşayan əhalinin sosial rifah halına müsbət təsir edə biləcək amildir.

Anar
Xəbəri paylaş