Newscenter.az.14.09.2020. “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Səyyar Aqro Məktəb” layihəsi başa çatıb.
Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, aqrar sahədə ilk dəfə reallaşdırılan “Səyyar Aqro Məktəb” layihəsi çərçivəsində karantin rejiminin qaydalarına uyğun olaraq onlayn formatda, “Zoom” mobil tətbiqi vasitəsilə təsərrüfat sahələrində təlimlər və görüşlər həyata keçirilib.
Layihə 2 mərhələdə reallaşdırılıb. Birinci mərhələdə layihə çərçivəsində təlim və görüşlər 6 rayonu -Şəki, Oğuz, Qax, Zaqatala, Balakən və Şamaxını əhatə edib. Belə ki, Şəkidə təlim və görüşlərdə iribuynuzlu heyvandarlıq, Oğuzda meyvəçilik və balıqçılıq, Qaxda arıçılığın inkişafı və baramaçılıq, Zaqatalada fındıqçılıq təlimi və ADAU-ya onlayn ekskursiya, Balakəndə tütünçülük və qarğıdalı təsərrüfatı, Şamaxıda üzümçülük təsərrüfatından bəhs olunub. Peşəkar təlimçilər tərəfindən 300 gəncə bu rayonların spesifik təsərrüfat sahələri üzrə ətraflı məlumat verilib.
Təlim iştirakçıları təsərrüfatların yaradılması, idarəedilməsi və gələcəkdə inkişaf etdirilməsi, təsərrüfatın xəstəliklərdən, zərərvericilərdən qorunması, həmçinin aqrar təhsilin əhəmiyyəti və imkanları barədə məlumatlandırılıb. Gəncləri maraqlandıran suallar təlimçilər tərəfindən cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Layihənin icrası zamanı dünyada və ölkəmizdə mövcud olan koronavirus pandemiyasının və karantin rejiminin tələblərinə ciddi şəkildə əməl olunub. Görüşlər zamanı bütün iştirakçılar tibbi qoruyucu vasitələrlə (əlcək, maska, tibbi spirt) təmin olunub. Qoruyucu vasitələrin istifadəsinə və sosial məsafənin qorunmasına ciddi şəkildə nəzarət edilib.
Orxan