Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Balın tərkibi və saxta balın insan orqanizmi üçün təhlükəsi



Newscenter.az.16.09.2020. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi balın tərkibi və saxta balın insan orqanizmi üçün təhlükəsi barədə məqalə hazırlayıb.

Newscenter.az xəbər verir ki, məqalədə deyilir:

Bal tərkibi çoxsaylı mineral və vitaminlərlə zəngin olan təam, saysız-hesabsız müalicəvi xüsusiyyətlərini özündə daşıyan qiymətli nemətdir. Can dərmanı hesab olunan balın 40-dək növü var. Rəngi və dadı isə tərkibindəki çiçək və otlardan asılı olaraq dəyişir. Tərkibində 13-20 % su, 80 %-dən çox karbohidrat, 0,4 % zülal, 0,3 % kül var. Bundan başqa, üzvi turşular, fermentlər, mineral və vitaminlərlə zənginliyi balı min bir dərdin dərmanına çevirib. Tədqiqatçılar balın sağlamlığa olan bəzi əsas faydalarının onun antioksidan tərkibindən qaynaqlandığını bildirilər. Təbii bal fitokimyəvi maddələr, flavonoidlər və askorbin turşusu da daxil olmaqla antioksidan rolunu oynayan bir sıra birləşmələri ehtiva edir. Antioksidantlar sərbəst radikalları təmizləyərək bədəndəki oksidləşdirici stresi azaldır. Alimlər, xərçəng daxil olmaqla, bir sıra xroniki xəstəliklərin əmələ gəlməsini oksidləşdirici streslə əlaqələndirdilər.

Bal həm də təbii bir antibakterial və antimikrobiyal vasitədir. Tərkibində hidrogen peroksid və qlükoza oksidaz var və aşağı pH səviyyəsinə malikdir. Buna görə də zərərli bakteriya və göbələkləri məhv edə bilər. Həm də unikal kimyəvi tərkibi səbəbindən maya göbələkləri və ya bakteriyaların böyüməsinə kömək etmir, antibakterial təsiri sayəsində insanlar onu yaraları təmizləmək üçün istifadə edə bilərlər. Bəzən məhsulun tərkibində bakteriya, kif və maya göbələklərinə də rast gəlinir. Xoşbəxtlikdən bakteriya və mikrobların çoxu balda böyüyə və çoxala bilmir, lakin spor əmələgətirən mikroorqanizmlər (Bacillus cereus, Clostridium perfringens) məhsulun tərkibində uzun müddət yaşaya bilər.

Sağlamlığa olan faydaları ilə yanaşı, dadlandırıcı və qoruyucu kimi qənnadı sənayesində də geniş istifadə olunur. Bal seçiminə həmişə diqqətlə yanaşmaq lazımdır. Yalnız keyfiyyətli, təbii məhsul orqanizmə faydalı ola bilər. Satışda “bal” adı ilə geniş çeşiddə, zövqlə etiketlənmiş bankalar görmək olur. Saxta bal xoşagəlməz yan təsirlərə, müxtəlif xəstəliklərin meydana gəlməsinə səbəb ola bilər. Saxta balın bir sıra orqanoleptik xüsusiyyətləri təbii balla oxşar olsa da, keyfiyyətli məhsulun tərkibində fermentlər, çiçək tozu və dekstrinlər var. Saxta bal hazırlanarkən şəkərli məhsul (yemiş, qarpız, şəkər qamışı və şəkər çuğunduru), təbii (dazı otu, çay dəmləməsi, zəfəran), yaxud süni rəngləndiricilər istifadə olunur. Hazırlanmış belə məhsula dadının təbii bala uyğunlaşdırılması üçün az miqdarda xalis bal da qatılır. Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, təbii bal və şəkəri ayıran çox mühüm fərqlər vardır. Şəkər həzm sistemində parçalanaraq qana keçir, lakin təbii bal parçalanmadan sürətli şəkildə qana qarışa bilir.

Şəkər tərkibli saxta məhsul qaraciyərin bəzi funksiyalarının pozulmasına səbəb olur. Bundan başqa, aktiv həyat tərzi keçirməyən insanın normadan artıq şəkər qəbulu bir çox xəstəliklərin inkişafına təkan verə bilər. Bu amil məhz xərçəng hüceyrələrinin yaranması, qaraciyər piylənməsi, depressiya və psixi pozğunluqlar, diabet xəstəliyi, normadan artıq çəki, damar tıxanıqlığı, uşaqlarda böyümə hormonlarının ifrazının ləngiməsi və orqanizmin hormonal balansının pozulması, uşaqlarda diqqət dağınıqlığı, dişlərin çürüməsi və buna bağlı böyrək və bağırsaq iltihablanmaları, orqanizmin immun sisteminin zəifləməsi üçün risk faktorudur.

Saxta balı həqiqi baldan ayırmaq üçün el arasında bir çox sınaqlar mövcuddur. Mütəxəssislərin fikrincə, istehlakçıların məhsulun qoxusuna, rənginə və dadına baxaraq keyfiyyətli olub-olmamasını ayırd edə bilməsi mümkün deyil. Təbii məhsulu laborator müayinə nəticəsində mütəxəssislər ayırd edə bilərlər. Balın keyfiyyətini müəyyən etmək üçün laboratoriyada bir sıra keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə müayinələr aparılır. Bunlardan orqanoleptik göstəricilər, reduksiyaedici şəkər, suyun kütlə payı, diastaza ədədi, qlükoza, fruktoza, saxaroza miqdarı, elektrik keçiriciliyinin səviyyəsi, hidroksimetilfurfurolun miqdarı (HMF), hidroksimetilfurfurolun keyfiyyət analizi, mexaniki qarışıqlar, qıcqırma əlaməti, sərbəst turşuluq, eyni zamanda ağır metallar, radionüklotiodlər, pestisid qalıqları, antibiotik qalıqları və s. sınaqları həyata keçirilir.

Balın keyfiyyətini aşağı salan ən vacib göstəricilərdən biri də hidroksimetilfurfurolun (HMF) miqdarıdır. Balın uzun müddət yüksək temperaturda isidilməsi və ya uzun müddət düzgün olmayan şəraitdə saxlanılması balın qida dəyərinin azalmasına və HMF miqdarının yüksəlməsinə səbəb olur. HMF miqdarının yüksəlməsi balın rəngində və qoxusunda istənilməyən dəyişikliklərə səbəb olur. Eyni zamanda HMF-bal arıları üzərində zərərli təsirə səbəb olur. Belə ki, ucuz olduğu üçün arı qidalanmasında istifadə olunan yüksək fruktoza tərkibli qarğıdalı nişastası şərbətləri də yüksək temperatura məruz qaldıqda HMF əmələ gətirir. HMF-in miqdarı Fruktozanın miqdarı ilə mütənasib olaraq artır.

Tədqiqatlar göstərir ki, HMF yüksək miqdarda qəbul edildikdə yuxarı tənəffüs yolları, göz, dəri və selikli qişanı qıcıqlandıra bilər. Bundan başqa sitotoksik, genotoksik və kansoregen təsir göstərən bu komponent DNT zəncirinə təsir edərək, tək və cüt zəncir qırılması, DNT – zülalın çarpaz bağlanması kimi fəsadlara səbəb olur.
Xəbəri paylaş