Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Energetika naziri: “Ermənistan Xəzər regionunun təhlükə zonası kimi qalmasında maraqlıdır”



Newscenter.az.1.10.2020. Energetika naziri Pərviz Şahbazov Almaniyanın Berlin şəhərində keçirilən “Birinci Xəzər Avropa Forumu”nda “Xəzər regionu və onun qlobal iqtisadiyyatda rolu” mövzusunda videoformatda çıxış edib.

Newscenter.az xəbər verir ki, nazir çıxışında zəngin enerji resursları, enerji istehlak edən iki əsas bazar - Avropa ilə Asiya arasında, kontinental marşrutların kəsişməsində yerləşməsi ilə Xəzər regionunun hər zaman olduğu kimi gələcəkdə də regional və qlobal güclərin geosiyasi maraqları dairəsində qalacağını bildirib. Regionun dünya iqtisadiyyatının tərkib hissəsinə çevrilməsində isə Azərbaycanın müstəsna rolundan bəhs edilib.

“Xəzərin enerji resursları yalnız Azərbaycanın təşəbbüsü olan boru kəmərləri ilə Qərbə yönəldilib. İstismara veriləndən indiyə kimi bu kəmərlər vasitəsilə Azərbaycan mənşəli, təxminən, 515 milyon ton neft, 86 milyard kubmetrdən isə çox qaz nəql olunub. İlin sonuna kimi Cənub Qaz Dəhlizinin tam istismara verilməsi isə Xəzər regionu növbəti dəfə Azərbaycan vasitəsilə Avropanın enerji təchizatının şaxələndirilməsində və enerji təhlükəsizliyinin təminatında mühüm faktora çevirəcək.”

Avropanın Xəzərlə enerji bağlantısının davamlılğını strateji zərurət kimi qiymətləndirən nazir Azərbaycanın Xəzəryanı ölkələrlə Avropa arasında da mühüm təşəbbüslər üçün etibarlı körpü olduğunu deyib. Bildirilib ki, ötən il Azərbaycanın ümumi ticarət dövriyyəsində Xəzəryanı ölkələrin payı 18 faiz, Avropa İttifaqı ölkələrinin isə payı 39 faizə yaxın olub. Azərbaycan beynəlxalq nəqliyyat dəhlizləri və infrastrukturları vasitəsilə də regionun qlobal iqtisadiyyatda rolunun möhkəmlənməsinə töhfələr verir. Belə ki, 2020-ci ilin ilk altı ayında daşınmış tranzit yüklərin həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə Bakı-Tbilisi-Qars dəmir yolu ilə 4,5 dəfə çox, "Şərq-Qərb" dəhlizi ilə 15 faiz artımla 3,5 milyon tondan çox olub. "Şimal-Cənub" marşrutu üzrə yüklərin tranzitinin həcmində isə 13 faiz artım qeydə alınıb. Ümumən, bu ilin 6 ayında Azərbaycan ərazisindən keçən tranzit daşımalarında qeyri-neft sektoru üzrə 33% artım olub.

Nazir Pərviz Şahbazov Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin isə regionda sabitlik və təhlükəsizlik üçün böyük təhdid doğurduğunu xüsusilə diqqətə çatdırıb. Ermənistanın son vaxtlar regionu qərblə birləşdirən Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan boru kəmərləri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmiryolu və digər xətlərin keçdiyi Tovuz bölgəsində hərbi əməliyyat təxribatları bunun bariz nümunəsi kimi qeyd edilib: “Sentyabrın 27-dən isə Ermənistan planlaşdırılmış hərbi təxribata əl ataraq növbət dəfə təcavüzkar siyasətinə sadiqliyini nümayiş etdirdi. Ermənistan sülh danışıqları prosesini dayandırmaqla bir daha göstərdi ki, regional inkişaf layihələrindən özünü təcrid seçimində israrlıdır, regionun daim təhlükə zonası kimi qalmasında maraqlıdır. Bütün enerjisini, imkanlarını dünyada inkişafa, sabitliyə yönəldən, nailiyyətlərin davamlılığında maraqlı bir ölkə olaraq bizim əsas istəyimiz problemin sülh yolu ilə həlli, ədalətin təminidir. Ermənistanın bu həqiqəti anlaması üçün 30 illik müddət kifayət qədər böyük bir zaman idi. Lakin Ermənistan ona verilən fürsəti ölkəsi, regionumuz və dünya üçün lazımınca dəyərləndirə bilmədi. Ermənistanın işğalı və təcavüzü davam etdirmək siyasəti isə yalnız Azərbaycana qarşı yönəlməyib, həm də regional inkişaf və təhlükəsizliyi hədəfə alıb. Ona görə də bölgədə təcavüzkarlığın dayandırılmasına çalışmalıyıq.”-deyə, nazir əlavə edib.

Sevinc
Xəbəri paylaş