Newscenter.az.1.10.2020. Bu gün Cənubi Qafqaz bütün dünyanın diqqət mərkəzindədir. Hər gün intensiv xarakter alan hərbi əməliyyatlar bölgəni əsl döyüş meydanına çevirib. Böyük siyasi iradə və gücə malik Şanlı Ordumuzun bütün cəbhə boyu uğurlu hərbi əməliyyatlarının nəticəsi olaraq Ermənistanın qanunsuz hərbi birləşmələrinin ağır itkilərə məruz qaldığı artıq heç kəsə sirr deyil. Belə ki, son məlumatlara əsasən erməni tərəfi sayı minlərlə hesablanan canlı qüvvə, müxtəlif təyinatlı hərbi texnika itirdi. Azərbaycanın belə ağır və sarsıdıcı zərbə ilə cavab verəcəyini təsəvvürünə belə gətirməyən Paşinyanın həm də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin – ABŞ, Rusiya və Fransanın dəstəyinə olan ümidləri də özünü doğrultmadı. Onun hər zaman ənənəvi olaraq vərdiş etdiyi cəzasızlıq modeli bu dəfə köməyinə çatmadı. Möhtərəm Prezidentimizin “Ermənistanın Azərbaycana qarşı istənilən hərbi təxribatının qarşısı sərt şəkildə alınacaq” sözlərindən ilhamlanan Ordumuz sözün əsl mənasında erməniləri bütün cəbhə boyu cəzalandırmaqda davam edir.
Bu gün dəyişən dünyamızın ən güclü istedadı belə yalanı həqiqətə çevirə bilməz. Ona görə də hərbi-psixoloji cəhətdən məğlub duruma düşən və əli hər yerdən üzülən Paşinyan hakimiyyətinin gücü yalnız hay-küy salmağa və özünün ənənəvi himayədarlarına yalvararaq şikayət etməyə çatır. Hər zaman atəşkəsi pozaraq sərhədlərimiz boyu təxribatlar törətməkdən qorxmayan ermənilər son günlər artıq məsələnin hərbi yolla həllinin olmamasının və bəlkə də qaytardılar xülyası fonunda hətta sülh danışıqlarının bərpasının vacibliyini qabartmaq məcburiyyətində qalıblar.
Ancaq artıq çox gecdir. Çünki Azərbaycan xalqının Vətən uğrunda müqəddəs savaşı yarımçıq saxlamaq niyyəti yoxdur. Əksinə ölkəmiz hərbi əməliyyatları ərazi bütövlüyümüz tam bərpa olunana qədər davam etdirməkdə israrlıdır. Hərbi və siyasi meydanda fiaskoya uğrayan Paşinyan hakimiyyətindən fərqli olaraq Azərbaycan cəmiyyətində Ermənistan Azərbaycan arasındakı münaqişənin sülh danışıqları yolu ilə nizamlanmasına inanan çox az adam tapılar. Buna görə də münaqişənin yeganə həlli yalnız BMT TŞ-nın bu istiqamətdə qəbul etdiyi dörd qətnaməsində nəzərdə tutulan – bütün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizi qeyd-şərtsiz tərk etdiyi zaman mümkündür.
Hərbi əməliyyatlar Ali Baş Komandanın milli maraqlara söykənən çıxışında haqlı və çox böyük qətiyyətlə qoyduğu “Ermənistan bizim torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxmalıdır” şərtinə əməl etdikdən sonra dayandırıla bilər.
Azərbaycan xalqının artıq bu problemdən bezdiyini, habelə Vətəninin maraqlarını hər şeydən üstün tutduqlarını ifadə edərək Ali Baş Komandanın qismən səfərbərlik çağırışına həvəslə səs verərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti binasının qarşısında Vətən uğrunda ölməyə hazır olduqlarını bildirirlər və nizamlı ordu sıralarına qoşulurlar. Bütün Azərbaycanda ruh yüksəkliyi zəfərə doğrudur və təkcə millət vəkili kimi təmsil etdiyim Göyçay və Ağdaş rayonlarında yüzlərlə igid övladlarımız hər gün ordu sıralarına qoşulmaq üçün sıraya düzülürlər. Bu bir daha Azərbaycan gəncliyinin, Can Azərbaycanın ləyaqətli və vətənsevər igidlərinin müqəddəs Azərbaycan bayrağının Qarabağın bütün bölgələrində daima dalğalanmasını görmək istəyidir.
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası Milli Məclisinin deputatı