Newscenter.az.4.10.2020. Yaşanan son proseslər göstərdi ki, Azərbaycanın haqq mübarizəsinə xüsusilə qərəzli münasibət göstərən Qərb dövlətlərinin, institutlarının, media qurumlarının fəaliyyətini, obyektivliyini və peşəkarlığını şübhə altına almağa tam əsaslar var və onların bütün bu illər ərzində səsləndirdiyi humanizm, ədalət və demokratiya fikirləri yalnızca gözdən pərdə asmaqdan ibarət olub. Bununla belə, Fransa, Rusiya, ABŞ və beynəlxalq qurumlar danışıqların bərpasına çağırışlar edirlər. Halbuki, cənab Prezident son iki ildə Paşinyanın imtina etməsi səbəbindən danışıqlar prosesinin dalana dirəndiyini və dəfələrlə Ermənistanın müharibəyə hazırlaşdığını onların və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Bu çağırışların heç birinə nəinki adekvat, ümumiyyətlə reaksiya verilməyib. Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün mübarizəyə başladığı dövrdə isə Fransa Prezidenti Emmanuel Makron sentyabrın 30-da Riqada qəbuledilməz bəyanatlar səsləndirməyə başlayıb. Bu, ikili standartların bəlkə də dünya üzrə ən bariz nümunəsidir, xüsusilə də bunun Fransa tərəfindən edilməsi isə elə də təəccüblü deyil. Fransa tarixdə dəfələrlə müxtəlif xalqlara qarşı soyqırım törətmiş və qəsbkar bir dövlətdir. 1830-1962-ci illərdə Əlcəzair xalqı 132 il Fransanın müstəmləkəçiliyindən qurtulmaq üçün mübarizə aparıb və nəticədə 1,5 milyon Əlcəairliyə qarşı soyqırım törədilib. Digər bir böyük soyqırım Fransa tərəfindən Cibutidə həyata keçirilib. Fransa Cibutiyə 19-cu əsrin 60-cı illərində daxil olub və 1917-ci ildə bu müstəmləkəçiliyə qarşı başlanan azadlıq hərəkatında 100 minlərlə insan öldürülüb. 1881-ci ildə Fransa Tunisi işğal edərək onun işğalçılıq siyasətinə etiraz edənlərə və müqavimət göstərənlərə qarşı amansız terror həyata keçirib. Çad və Qabonda törədilən vəhşilik və qəsbkarlıq da bu soyqırımlar zəncirinin bir halqasıdır. Fransa Qabon torpaqlarında islam dinini qadağan etmiş, din xadimlərini öldürmüş, 10 minlərlə insanı yaşamaq hüququndan məhrum etmişdir. Fransanın mənfur siyasətinin nəticələri bu gün də davam etməkdədir. Kamerunun ingilisdilli və fransızdilli bölgələri arasındakı mövcud savaş Fransanın Afrika bölgəsinə qoyduğu acı mirasdır. Bununla belə, Fransa bu gün başqalarının daxili işlərinə qarışaraq onları qınamaqdan, haqsız bəyanatlar verməkdən də çəkinmir. Makrona tövsiyə edirik ki, Azərbaycana Dağlıq Qarabağla bağlı məsləhətlər və bəyanatlar verməkdənsə, Korsika xalqına öz müqəddəratını müəyyən etmək prinsipini bəxş etməklə əsl “demokratiya” nümunəsi göstərsin.
Makronun qeyd olunan bəyanatları münaqişənin nizamlanması üçün yaradılmış Minsk Qrupunun həmsədri kimi Fransanın vasitəçilik fəaliyyətinə tamamilə zidd və qərəzlidir. Belə bəyanatlar qəti şəkildə beynəlxalq təhlükəsizliyin təmin edilməsinə xidmət edə bilməz və belə bəyanatlarla Fransa əslində münaqişənin davam etdiyi 30 il ərzində tərəflərə göstərdiyi fərqli münasibəti tam aşkarlığı ilə ortaya qoymuş oldu. Hər hansı bir münaqişənin nizamlanmasında vasitəçiliyi öhdəsinə götürmüş dövlət tərəfsiz və qərəzsiz olmalı, davranışlarını və bəyanatlarını ədalətə və beynəlxalq hüquqa uyğun tənzimləməlidir. Lakin Fransa işğalçı Ermənistanı qınamalı və təzyiq göstərməli olduğu halda Ermənistana və ermənilərə xitabən “Ermənistana və ermənilərə deyirəm, Fransa da öz rolunu oynayacaq” kimi qəbuledilməz bəyanat səsləndirir. Bu cür siyasi etikaya və beynəlxalq hüquqa sığmayan bəyanat onu göstərir ki, Fransa Minsk Qrupunun həmsədri funksiyasını həyata keçirməkdə psixoloji çətinlik çəkir. Makronun timsalında Fransa həmsədr kimi öz reputasiyasını tamamilə itirdi. Bu baxımdan o, həmin missiyanı ədalətli və qərəzsiz şəkildə yerinə yetirib-yetirə bilməyəcəyi barədə xüsusi açıqlama verməli, bu açıqlama yetərli olmadıqda və ya belə yanaşma təkrarlandığı halda onun Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılması məsələsinə baxılmalıdır.
Makronun Riqada Türkiyənin Azərbaycana mənəvi dəstəyi ilə bağlı səsləndirdiyi bəyanatları və “Şimali Qarabağın yenidən fəth edilməsi” kimi anlamsız fikirləri isə onun münaqişənin detalları və tarixi barədə xəbərdar olmasına belə şübhə yaradır. Azərbaycan işğalçıya qarşı vətən müharibəsi aparır və Dağlıq Qarabağ mübahisəli ərazi deyil, Azərbaycanın əbədi və əzəli, beynəlxalq hüquq tərəfindən tanınmış tarixi torpağıdır. Bunu anlamayan, bilməyən və ya qəbul etmək istəməyən vasitəçinin və ya digər hər hansı qurum və ya dövlətlərin missiyasına ehtiyac yoxdur.
Azərbaycanın öz ərazi bütövlüyünü və dövlət sərhədlərinin toxunulmazlığını təmin etmək üçün ən ali hüququnu reallaşdırdığı bir vaxtda Fransa kimi dövlətlər beynəlxalq hüquqa və özlərinin bütün dünyaya elan etdikləri “sülh, ədalət və demokratiya carçılığı”na uyğun olmayan, yaraşmayan şəkildə hərəkət edirlər. Əlbəttə ki, öz suverenlyini və ərazi bütövlüyünü bərpa etmək niyyətinə görə dövlətimizi qınamağa heç kəsin siyasi və tarixi nöqteyi-nəzərdən haqqı yoxdur. Fransa kimi dövlətlərin və dövlət rəsmilərinin isə buna əlavə olaraq həm də mənəvi haqqı yoxdur.
Azərbaycan işğal edilmiş ərazilərinin hamısı azad edilənə qədər öz mübarizəsini davam etdirəcəkdir. Bu mübarizədə dövlətimizə, o cümlədən dövlət başçımız cənab Prezident İlham Əliyevə göstərdiyi etimad və dəstəyə görə xalqımıza dərin təşəkkürümü bildirir və göstərdiyi qəhrəmanlıq qarşısında baş əyirəm.
Allah tezliklə hamımızı və şəhidlərimizin ruhunu tam qələbə xəbəri ilə sevindirsin.
Qarabağ Azərbaycandır!
Eldəniz Səlimov-Milli Məclisin deputatı