Newscenter.az.7.10.2020. Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edilməsi istiqamətində Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyalarla bağlı AMEA İnformasiya Texnologiyaları İnstitutunun onlayn toplantısı keçirilmişdir.
Newscenter.az xəbər verir ki, toplantıda AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinin azad edilməsi istiqamətində ordumuz tərəfindən həyata keçirilən uğurlu əməliyyatlar haqqında danışmışdır.
Azərbaycanın Prezidenti İlham Əliyevin xalqa müraciətini xatırladan alim, bu gün siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq hər kəsin vətən uğrunda birləşdiklərini və dövlət başçısının siyasətini tam şəkildə dəstəklədiklərini demişdir.
R.Əliquliyev bildirmişdir ki, ölkə Prezidenti öz nitqində bütün həmvətənlərimizi vahid Azərbaycan bayrağı altında birləşdirərək onların fikir və düşüncələrini ifadə etmiş, ciddi arqumentlər gətirərək xalqı qələbəyə ruhlandırmışdır.
“Bu gün cəmiyyətin bütün təbəqələri, hər bir peşə sahibi öz imkanları çərçivəsində arxa cəbhədə Qarabağ uğrunda mübarizə aparan ordumuza dəstək verməlidir”, deyə - alim əlavə etmişdir.
AMEA-nın vitse-prezidenti dövlət başçısının uğurlu daxili və xarici siyasətindən söz açaraq qeyd etmişdir ki, 30 il ərzində böyük bir inkişaf yolu keçmiş Azərbaycan bu gün güclü iqtisadiyyatı ilə dünya arenasına sürətlə inteqrasiya edir. Bunun nəticəsidir ki, ordumuz düşmənə layiqli cavab verərərk ard-arda mühüm qələbələr qazanır.
“İllərdir ki 1 milyondan çox həmvətənimiz öz doğma yurd-yuvasından didərgin düşmüşdür”, – deyən alim nəzərə çatdırmışdır ki, bu gün Azərbaycanın hər bir vətəndaşı sona qədər mübarizə aparmaq, qələbə qazanmaq və ölkənin ərazi bütövlüyünü təmin etmək uğrunda səfərbər olub.
Alim əlavə etmişdir ki, ordumuzun əldə etdiyi uğurların əsasında dövlət başçısının siyasi iradəsi, xalqın birliyi və güclü iqtisadiyyat faktoru dayanır. Azərbaycanın bütöv xəritəsi dünya dövlətləri, eləcə də BMT tərəfindən tanınır. Bu gün biz haqlı olaraq öz torpaqlarımızın azad edilməsi uğrunda müharibə aparırıq.
Akademik Azərbaycanın silahlı qüvvələrinin uğurlar əldə etməsində yüksək texnologiyaların, müasir qurğuların və kosmik peyklərin əvəzsiz rolundan da söz açdı. Bildirdi ki, ölkə rəhbərinin ordu quruculuğu sahəsində apardığı məqsədyönlü islahatların nəticəsində intellektual texnologiyalarla təchiz olunmuş müasir və qüdrətli ordu formalaşmışdır.
AMEA-nın vitse-prezidenti hazırki şəraitdə informasiya müharibəsinin düzgün qurulmasının son dərəcə vacib olduğunu vurğuladı, bu istiqamətdə Azərbaycan ziyalılarının xüsusi rolunu vurğuladı. Qeyd etdi ki, alimlərimiz informasiya müharibəsinin önündə getməli, kütləvi informasiya vasitələrində müntəzəm çıxışlar etməli, bu mübarizəyə öz töhfələrini verməlidir.
R.Əliquliyev rəhbərlik etdiyi qurumun da Azərbaycan ordusuna dəstək verməyə hazır olduğunu dedi: “Silahlı Qüvvələrə Yardım Fonduna ianə etmək, ehtiyac yaranarsa Mərkəzi Qan Bankına qan vermək və digər tədbirləri həyata keçirməklə ordumuza dəstək olmalıyıq”.
Alim, həmçinin institutun bir neçə əməkdaşının hazırda cəbhə bölgəsində düşmənə qarşı döyüşdüyünü diqqətə çatdırdı.
Akademik R.Əliquliyev çıxışının sonunda bütöv və müstəqil Azərbaycan uğrunda mübarizədə xalqın haqq səsini ucaltdığına görə dövlət başçısı İlham Əliyevə ölkənin ziyalıları adından minnətdarlığını bildirmiş, qəhərman ordumuza yeni qələbələr arzulamışdır.