Newscenter.az.9.10.2020. Əgər Ermənistan danışıqlar masasına əyləşmək istəyirsə, ilk növbədə, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə - erməni işğalçı qüvvələrinin Azərbaycanın ərazilərini ələ keçirdikləri dövrdə qəbul edilmiş 4 qətnaməsini tam olaraq yerinə yetirilməlidir. Çünki bu qətnamələrdə göstərilir ki, işğal olunmuş ərazilərin dərhal, qeyd-şərtsiz və tamamilə qaytarılması təmin edilməlidir.
Erməni tərəfi ötən 27 il ərzində həmin qətnamələri yerinə yetirmir, onlara məhəl qoymur və hər vasitə ilə münaqişəni mümkün qədər uzun müddətə dondurmağa çalışıb. Bu günə qədər status-kvonun qəbuledilməz və dəyişdirilməli olması barədə beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin bütün çağırışları havada qalıb. Ermənilərin mövqeyi tarixi yalana, beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına əsaslandığı halda, Azərbaycanın mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, tarixi ədalətə əsaslanır. Ona görə də, bu gün Azərbaycan Ordusu tarixi ədaləti bərpa edir. Hətta, deyərdim ki, Azərbaycan Ordusu BMT TŞ-nin məlum qətnamələrini icra edir. Lakin onu da bildirim ki, Ermənistanın çox ağır duruma düşməsinə baxmayaraq Paşinyan BMT TŞ-nin qətnamələrini aşağılayır, onlarn mahiyyətini təhrif etməyə cəhd edir. Biz bunu onun BBC-yə müsahibəsində də müşahidə etdik.
Bu gün Ermənistanın mülki əhalini, yaşayış məntəqələrini, münaqişə zonasından kilometrlərlə uzaqda yerləşən məntəqələri hədəfə alması, strateji xarakterli, transmilli obyektlərə raket atması, hətta fosforlu, kasetli bombalardan istifadə etməsi beynəlxalq hüququn kobud və nümayişkəranə şəkildə pozulması deməkdir. Ermənistan döyüş meydanında məğlubiyyətə uğrayanda dinc əhaliyə ziyan vurmağa və Azərbaycan Ordusunun əks-hücumunu dayandırmağa çalışaraq alçaq hərəkətlərə əl atır. Münaqişə zonasının bilavasitə yaxınlığında yerləşən Tərtər şəhərinin, əhalisinin sayına görə Azərbaycanın ikinci böyük şəhəri olan və münaqişə zonasında kənarda yerləşən Gəncənin əhalisi atəşə tutulub. Mingəçevirdə Azərbaycanın ən böyük elektrik stansiyasının ərazisinə bir raket düşüb, 10-dan çox şəhərimiz, yüzlərlə kəndimiz şiddətli artilleriya bombardmanına məruz qalıb və qalmaqdadır. Ermənistan tərəfindən “Smerç”, “Toçka U” və “Elbrus” kimi ölümsaçan sistemlər, artilleriya atəşləri nəticəsində 27 dinc sakin həlak olub, 170-dən çox dinc sakin müxtəlif dərəcəli xəsarətlər alıb, 800-dən çox ev dağıdılıb. Heç şübhəsiz ki, bu, Cenevrə konvensiyalarının çox kobud şəkildə pozulmasıdır, müharibə cinayətidir.
Ermənistandan fərqli olaraq Azərbaycan Ordusu yalnız hərbi obyektləri hədəfə alır, mülki əhaliyə ümumiyyətlə zərər yetirmir. Azərbaycan Qarabağ ərazisində yaşayan ermənilərə öz vətəndaşları kimi baxır. Bu da gözlənilən və anlaşılan bir məsələdir. Çünki münaqişə nizamlanandan, işğala son qoyulandan sonra Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisi uzun illər boyu olduğu kimi yenidən birlikdə yaşamalıdır. Ümumiyyətlə, Azərbaycanın mübarizəsi erməni xalqı ilə deyil. Azərbaycan dünya miqyasında multikultural ölkə kimi tanınır, tolerantlıq, milli, dini dözümlülük məkanıdır. Bu səbəbədən də münaqişə başa çatandan sonra Dağlıq Qarabağda yaşayan ermənilər də azərbaycanlılarla bərabər yaşayacaqlar.
Sədaqət Vəliyeva-Milli Məclisin deputatı