Newscenter.az.12.10.2020. “Humanitar atəşkəs – bizim 30 ildir dözdüyümüz klassik atəşkəs deyil. Moskva görüşünün nəticəsində humanitar atəşkəsin elan olunması diplomatik gedişdir, müharibənin bitməsi, Azərbaycanın hərbi əməliyyatları dayandırmağı anlamına gəlməməlidir. Əksinə, bu, 30 il ərzində Azərbaycanın tamami ilə fərqli statusda, diktə edən tərəf kimi qatıldığı ilk görüşdür. Biz əgər görüşdə və danışıqlarda üstün tərəfiksə və düşmənə qalib kimi şərtlərimizi irəli sürürüksə bundan niyə çəkinməliyik?”
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. O, qeyd edib ki, humanitar atəşkəs müvəqqəti xarakter daşıyır:
“Üstəlik ermən tərəfi onsuz da atəşkəsə əməl etməyəcək. Görünən də elə budur, humanitar atəşkəs elan olunan tarixdən sonra əksinə atəşin intensivləşməsini müşahidə etməkdəyik. Əlbəttə Azərbaycan bu təcavüzü cavabsız qoya bilməz və şanlı ordumuz da dinc insanları qorumaq və təcavüzkarı yerinə oturtmaq üçün irəliləməkdə davam edəcək. Nəticə olaraq nə əldə etmiş olduq? Biz dünyaya bir daha göstərəcəyik ki, bölgədə hətta indiki şəraitdə belə təcavüz və vəhşilik ermənistandan qaynaqlanır. Bilirsiz ki, istənilən hərbi qələbə sonucda kağız üzərində razılaşma ilə sonuclanır - ya barışıq müqaviləsi ya təslimçi müqavilə formasında. Əlbəttə işğal prossesinə son qoyduqdan sonra, biz də nəticələrimizi müqavilə ilə rəsmiləşdirməliyik, çox güman ki, bu təslimçi sülh müqaviləsi olacaq. Azərbaycanın aşkar hərbi və diplomatik üstünlüyü şəraitində baş tutmuş humanitar atəşkəs razılaşması Ermənistanı məcbur edəcəyimiz həmin təslimçi sülh müqaviləsi üçün ilkin zəmindir”.
Deputat deyib ki, humanitar atəşkəslə biz üzərimizə heç bir öhdəlik götürməmişik, təcavüzə layiqli formada cavab vermək hüququmuz qalır, eyni zamanda istənilən zaman hərbi əməliyyatları intensiv formada davam etdirə bilərik:
“Sadəcə biz bu prosesə getməklə göstərdik ki, sülhə hazırıq. Lakin, hansı sülhə və hansı şərtlərlə? Bu sualın cavabını da milyonların qarşısında Prezident İlham Əliyev rəsmən elan etdi. Hərbi əməliyyatlar gedişində Azərbaycan 30 ildir davam edən status-kvonu kökündən dəyişmiş, təmas xətti anlayışına son qoymuşdur. Lakin özümüzə sual verməliyik, yaxşı bu nəticələr necə rəsmiləşdirilməlidir? Bax, bu anlamda Moskva danışıqları və humanitar atəşkəs yeni nəticələrin və vəziyyətin siyasi və diplomatik müstəviyə daşınması istiqamətində birinci addımdır. Əldə edilmiş hərbi nailiyyətlərimizin daha da gücləndirilməsi üçün bu proseslər paralel şəkildə aparılmalıdır. Sirr deyil ki, Azərbaycana qarşı siyasi-diplomatik təzyiqlər var. Düzdür, dövlət başçısı prosesi məharətlə idarə edərək Azərbaycana qarşı vahid diplomatik cəbhə formalaşdırılmasının qarşısı alır, lakin, humanitar atəşkəsə biz birtərəfli qayda da yox desək Ermənistanın saxta arqumentlərini və mövqeyini gücləndirmiş olar, hərbi nəticələrimizi təhlükəyə atardıq. Humanitar atəşkəs bizim təcavüzkar olmadığımızı, niyyətimizin kimisə qırmaq, ermənilərin iddia etdiyi kimi “erməni ovuna çıxmaq” yox, torpaqlarımızı işğaldan azad etmək, vətəndaşımızı hücumlardan qorumaq olduğunu beynəlxalq ictimaiyyətə sübut etdi”.
Bəhruz Məhərrəmov deyib ki, humanitar atəşkəs Azərbaycanın iki cəbhədən əməliyyatları başladığı mərhələdir:
“Bununla diplomatlarımız tam şəkildə dövriyyəyə girərək hərbçilərimizə paralel olaraq diplomatik platformada əməliyyatlarda iştirak edəcək. Nəzərə alsaq ki, dünyanın 150-dən çox dövləti rəsmən mövqeyimizi müdafiə edir, təkcə ötən gün 120 üzvü olan Qoşulmama hərəkatı bizə rəsmən dəstək verdi, bu halda diplomatlarımızı aktiv mübarizədən kənarda qoymaq olmaz. Sonda, bir şeyə əmin olun, müharibə bitməyib və sonuncu erməni əsgərini "iti qovan kimi" torpaqlarımızdan qovmayana qədər müharibə bitməyəcək də. Biz Ali Baş Komandana güvənirik və güvənməliyik də!”.
Anar