Newscenter.az.14.10.2020. Qanunverici hakimiyyət ilə icra hakimiyyəti arasında əlaqələrin daha da təkmilləşdirilməsi istiqamətində müzakirələrin aparılması üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə Milli Məclisin deputatları arasında görüşlər davam etdirilir. Bu qəbildən olan növbəti görüş oktyabrın 14-də videokonfrans formatında keçirilib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə Milli Məclisin Sədri Sahibə Qafarova, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və Milli Məclisin 70-dək deputatı iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Milli Məclisin Sədri Sahibə Qafarova deyib ki, hazırda Azərbaycan tarixi günlər yaşayır. Xalqımız və dövlətimiz sözün həqiqi mənasında Vətən müharibəsi aparır. Ölkəmiz bu müharibədə uğurlu hərbi əməliyyatlarla yanaşı, diplomatik, siyasi və informasiya cəbhəsində də mühüm uğurlar qazanmaqdadır. Spiker vurğulayıb ki, Prezident İlham Əliyevin zəngin siyasi təcrübəsi, yüksək diplomatik səriştəsi və qətiyyəti sayəsində Azərbaycan düşmənə bütün cəbhələrdə böyük məğlubiyyətlər yaşadır. Sahibə Qafarovanın sözlərinə görə, Ermənistanın cəbhə xəttində törətdiyi hərbi təxribatların qarşısının alınması, şanlı Ordumuzun parlaq əks-hücum əməliyyatları hər birimizi fərəhləndirir, qürurlandırır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın və dövlətimizin yeni şanlı tarixi yazılır. Ordumuzun zəfər yürüşü zamanı şəhidlərimizin də olduğunu vurğulayan Spiker Allahdan şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyib.
Milli Məclisin Ermənistanın 27 sentyabrdan başlayaraq törətdiyi hərbi təxribatlar, həmçinin Gəncəni və digər şəhər və rayonlarımızı artilleriya və raketlərdən atəşə tutması ilə bağlı milli parlamentlərə və beynəlxalq parlament təşkilatlarına müraciətlər ünvanladığını bildirən Sahibə Qafarova məlumat verib ki, parlament rəhbərliyinin və dostluq qruplarının adından 88 ölkənin parlamentlərinə 130, həmçinin 11 beynəlxalq təşkilata məktublar göndərilib. Müraciətlərdə baş verənlərlə bağlı geniş məlumatlar verilib və beynəlxalq ictimaiyyət tərəfindən bu hadisələrə adekvat münasibətin bildirilməsinə çağırış olunub. Onun sözlərinə görə, artıq bəzi ölkələrin parlamentləri ölkəmizə öz dəstəklərini ifadə ediblər. Həmçinin Sahibə Qafarova bu müddət ərzində bir sıra ölkələrin spikerləri və beynəlxalq təşkilatların rəhbərləri ilə telefon danışıqları apardığını, 10-a yaxın ölkənin səfirləri ilə görüşlər keçirdiyini, onlara Ermənistanın təcavüzü və təxribatları haqqında ətraflı məlumat verildiyini diqqətə çatdırıb.
Sədr bu müddətdə Milli Məclisin əksər deputatlarının müxtəlif xarici ölkələrin media orqanlarında erməni vandalizminin ifşa olunması istiqamətində çıxışlar etməsinin, sosial şəbəkələrdə xüsusi fəallıq nümayiş etdirməsinin təqdirəlayiq olduğunu bildirib. Həmçinin məlumat verilib ki, Milli Məclisin Sədri, Sədr müavinləri, deputatlar, parlament Aparatının və İşlər idarəsinin kollektivləri Silahlı Qüvvələrə Yardım Fonduna 360 min manat ianə ediblər.
Çıxışında daha sonra ölkəmizdə həyata keçirilən siyasi islahatlar və onların uğurlu nəticələri barədə məlumat verən Spiker qeyd edib ki, Azərbaycanın dinamik inkişafını şərtləndirən mühüm məsələlərdən biri ardıcıl həyata keçirilən islahatlardır. Bu islahatlar ölkəmizin daha da güclənməsinə xidmət edir. “Əlbəttə ki, hər bir inkişaf və tərəqqinin əsasında uğurlu islahatlar dayanır və biz Azərbaycanın müsbət nümunəsində bunu aydın şəkildə görürük”, – deyən Sahibə Qafarova qeyd edib ki, ölkəmizdə həyata keçirilən islahatların mühüm bir hissəsini siyasi islahatlar təşkil edir. Bu islahatlar demokratikləşmə prosesinin daha uğurlu həyata keçirilməsini təmin edir, eyni zamanda, siyasi münasibətlər sistemində yeni keyfiyyət göstəricilərinin meydana gəlməsini şərtləndirir. O bildirib ki, bu gün Azərbaycanda siyasi sistemin komponentləri arasında müsbət münasibətlər qurulub.