Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident: "Türkiyə münaqişənin həllində fəal rol oynamalıdır və oynayacaq"



Newscenter.az.15.10.2020. "Biz gərək mövcud reallıqları nəzərdən keçirək. Bu reallıqlar, həqiqi vəziyyət ondan ibarətdir ki, bu gün Türkiyənin iştirakı olmadan bu bölgədə hər hansı bir məsələ həll edilə bilməz. Bu, kiminsə xoşuna gələ bilər, gəlməyə bilər, bu, faktdır, bu, gerçəkdir. Təbii ki, Türkiyə Azərbaycanın, Ermənistanın və digər Cənubi Qafqaz ölkəsi olan Gürcüstanın qonşusu olaraq bu bölgədə fəal rol oynayır. Bu, Türkiyənin haqqıdır. Bu, tarixən belə olub".

Prezident İlham Əliyev bu fikirləri Türkiyənin NTV kanalına müsahibəsində Qarabağ probleminin həllində Türkiyənin iştirakının vacibliyindən danışarkən səsləndirib.

Dövlətimizin başçısı daha sonra deyib: “Bu döyüşlərin ilk saatlarından onu hərbi müstəvidən siyasi müstəviyə, siyasi prosesə çevirmək üçün biz çox açıq və dəqiq mövqeyimizi bildirdik ki, Türkiyə mütləq bu işlərdə olmalıdır. Əgər olarsa, o zaman bu döyüşlər daha tez bir vaxtda dayanacaq və sülh prosesi başlayacaq. Mən onu da bildirmişdim ki, faktiki olaraq Türkiyə prosesdə var. Çünki dünən cənab Ərdoğanın və cənab Putinin danışığı bunu göstərir. Eyni zamanda, ondan əvvəlki günlərdə Türkiyənin və Rusiyanın Xarici İşlər nazirlərinin, Müdafiə nazirlərinin də telefon danışıqları olub. Onlar Qarabağ mövzusunu müzakirə edirlər”.

Azərbaycanın bu məsələ ilə bağlı mövqeyini bir daha bəyan edən Prezident İlham Əliyev deyib ki, Türkiyə mütləq olmalıdır: “Hansı statusda olacaq, bu, texniki məsələdir. De-fakto artıq Türkiyə var. Onsuz da Türkiyə Minsk qrupunun üzvüdür. Minsk qrupu da otuz il ərzində bir nəticəyə nail olmadı, otuz il ərzində Birləşmiş Millətlər Təşkilatının dörd qətnaməsinin icra olunmasına kömək etmədi. Bu vəziyyət faktiki olaraq münaqişənin dondurulmasına gətirib çıxardı. Ancaq nəticə etibarı ilə iyul ayında bizə edilən hücum, avqust ayında erməni təxribatçı qrupunun bizə göndərilməsi və nəhayət, sentyabr ayında genişmiqyaslı hücum göstərdi ki, bu münaqişə dondurulmuş məsələ deyil. Biz mövqeyimizdə qalırıq və əlbəttə ümid edirik ki, bu məsələ tez bir zamanda masa arxasında həll edilsin. Türkiyə mütləq bu işlərdə fəal rol oynamalıdır və əminəm ki, oynayacaqdır”.
Xəbəri paylaş