Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyev: "Döyüş meydanında vəziyyət hər gün dəyişir. Hansısa xarici müşahidəçilər oraya gələndə harada dayanacaqlar?"



Newscenter.az.19.10.2020. "Hərbçilər arasında əlaqələr məsələsinə gəldikdə isə bu məqamlar baza prinsiplərində dəqiq müəyyən edilib və biz baza prinsiplərinə sadiqik, onların barəsində danışmışam, zənnimcə, təkrarlamağın mənası yoxdur".

Newscenter.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TASS Agentliyinə müsahibəsində səsləndirib. Dövlət başçısı deyib ki, bunlar Ermənistan tərəfindən işğal edilmiş ərazilərin qaytarılması, Dağlıq Qarabağın gələcəyinə dair danışıqlar, qaçqınlar və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə, o cümlədən Dağlıq Qarabağa, Şuşaya qaytarılmasıdır. Bütün bunlar baza prinsiplərində yazılıb:

"Ermənistan tərəfi də müxtəlif mərhələlərdə bütün bunlara razılıq verib. Buna görə indi sizin müraciət etdiyiniz məsələ baza prinsiplərində razılaşmanın sonundadır. İşğala son qoyulması ilə bağlı bütün məsələlər nizamlandıqda xarici sülhməramlı qüvvələrin iştirakı nəzərdə tutulurdu. Lakin nizamlanması tələb edilən əsas məsələlər razılaşdırılmadığına görə, tərəflər bu məsələyə hələ də başlamayıblar. Buna görə həmin qüvvələrin kimlərdən ibarət olacağı, orada hansı beynəlxalq qurumların, hansı ölkələrin təmsil olunacağı barədə dəqiq anlayış yox idi. Odur ki, bütün bu məsələlər müzakirə edilmirdi. Lakin aydın idi ki, sülhməramlı qüvvələrin tərkibi Azərbaycan və Ermənistan ilə razılaşdırılmalıdır. Həmin qüvvələrin dislokasiya yerləri də müəyyən edilməmişdir. Ona görə, bu gün təmas xəttinin olmadığı, status-kvonun pozulduğu, - onu biz pozmuşuq və bunu Rusiya, ABŞ və Fransa dövlət başçılarının bəyanatları, status-kvonun qəbuledilməz olması barədə dövlət başçılarının dəfələrlə səsləndirdiyi bəyanatları çərçivəsində etmişik. Biz bu bəyanatları eşitmişik, lakin onların implementasiyasını görməmişik. Buna görə biz özümüz onu implementasiya etdik".

Dövlət başçısı bir daha bəyan edib ki, status-kvo yoxdur, təmas xətti yoxdur:

"Hərbi müşahidəçilər texniki baxımdan necə və harada yerləşdirilə bilər? Axı döyüş meydanında vəziyyət hər gün dəyişir. Hansısa xarici müşahidəçilər oraya gələndə harada dayanacaqlar? Haradasa dağlarda, vadilərdə, körpülərin üstündə? Yəni, bütün bunlar çox ətraflı işlənib hazırlanma tələb edir. Bu, öz hərbi kontingentini oraya göndərməyi lazım bilənlər üçün böyük riskdir. Ona görə də bütün bunlar - sülhməramlıların tərkibi, mandatı, müddəti, məqsədləri razılaşdırılmalıdır. Əlbəttə, bütün bunlar baza prinsipləri çərçivəsində olmalıdır, həmin prinsipləri isə artıq dediyim kimi, biz qəbul edirik, amma erməni tərəfi təkzib edir".
Xəbəri paylaş