Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Latviya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib



Newscenter.az.26.10.2020. Oktyabrın 26-da Azərbaycan Xarici İşlər Nazirliyi və Latviya Xarici İşlər Nazirliyi arasında videokonfrans formatında siyasi məsləhətləşmələr keçirilib.

XİN-dən verilən məlumata görə, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən Xarici İşlər nazirinin müavini Xələf Xələfov, Latviya tərəfindən isə bu ölkənin Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini, siyasi direktoru Yaniş Mazeiks rəhbərlik ediblər.

Məsləhətləşmələr zamanı iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti təhlil olundu və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycan və Latviya arasında siyasi dialoqun yüksək səviyyədə olduğundan məmnunluq ifadə edib. Bu xüsusda, Azərbaycan və Latviya arasında 2017-ci ildə imzalanmış Strateji Tərəfdaşlığın Yaradılması haqqında Bəyannamə xüsusi əhəmiyyət kəsb edən hadisə kimi dəyərləndirilib.

İkitərəfli iqtisadi əməkdaşlığın geniş potensiala malik olduğu qeyd edilib və ikitərəfli iqtisadi-ticari, elmi-texniki və mədəni sahələrdə əlaqələrin təşviqinə dair məsələlərin müzakirəsi və həlli məqsədilə Hökumətlərarası Komissiyanın növbəti 8-ci iclasının 2021-ci ildə keçirilməsinin mümkün olacağına ümid ifadə edilib.

Həmçinin mədəniyyət, elm və təhsil sahələrində əlaqələr müzakirə edildi, bu xüsusda hər il Azərbaycandan çox sayda gənclərin Latviya universitetlərində təhsil almasından məmnunluq bildirilib.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusu ətrafında fikir mübadiləsi aparılıb. Münaqişənin sülh yolu ilə həlli üçün müvafiq BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə diqqət çəkilib. X.Xələfov Latviyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə görə Latviya tərəfinə təşəkkürünü bildirib.

Nazir müavini Latviya tərəfinə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, o cümlədən cari ilin 12-16 iyul tarixlərində Azərbaycan–Ermənistan dövlət sərhədində həyata keçirdiyi hərbi təxribatı və 27 sentyabrda Azərbaycana qarşı növbəti təcavüz aktı barədə məlumat verib. X.Xələfov Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəsi pozmaqda davam etməsi, münaqişə zonasından uzaqda yerləşən Azərbaycan şəhərlərinin, dinc əhalinin, mülki infrastrukturların məqsədyönlü şəkildə etdiyi raket atəşinə tutması, 27 sentyabrdan başlayaraq Azərbaycana qarşı yeni təcavüzü nəticəsində 65 mülki şəxsin həyatını itirdiyi və 300-ə yaxın mülki şəxsin yaralandığını həmsöhbətinin diqqətinə çatdırıb.

Nazir müavini qeyd edib ki, Azərbaycan özünümüdafiə hüququna əsaslanaraq beynəlxalq tanınmış sərhədləri çərçivəsində Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad olunması üçün hərbi-siyasi tədbirləri davam etdirir. Ermənistan işğalçı qüvvələrinin Azərbaycan ərazilərində Azərbaycan silahlı qüvvələrinə qarşı müharibə aparmasına görə məsuliyyət bütövlükdə Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini tam tərk etməyənədək bölgədə dayanıqlı sülh təmin oluna bilməz.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Xəbəri paylaş