Newscenter.az.29.10.2020. Hazırda koronavirus öandemiyası dünyanın bir nömrəli problemi olaraq qalmaqdadır. Bu gün dünya ölkələri pandemiyanın yeni dalğasını yaşayır və bir çox ölkələrdə virusun yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirilir, tətbiq olunmuş karantin rejimi sərtləşdirilir. Çox təəssüflər ki, son həftələr bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da COVID-19-a gündəlik yoluxma və ölüm halları artıb.
Ölkəmizdə koronavirusa yoluxanların sayında kəskin artım müşahidə edilir, yoluxma və sağalma halları arasında fərq yüksəlir, sanitar-epidemoloji durum pisləşir. Havaların soyuması, virus infeksiyalarının artması, immunitetin zəifləməsi kimi obyektiv faktorlarla yanaşı, bəzi insanların karantin qaydalarına ciddi riayət etməməsi yoluxmanın artmasına səbəb olub. Aparılan müşahidələr onu göstərir ki, vətəndaşlar tərərfindən qoruyucu vasitələrdən istifadə səviyyəsi aşağıdır, sosial məsafə saxlanılmır, yoluxmanın qarşısının alınması üçün digər tövsiyyələr lazımınca riayət olunmur. Ticarət, məişət-iaşə obyektlərində, ictimai nəqliyyatda təhlükəsizlik qaydalarına riayət olunması səviyyəsi qənaətbəxş deyil. Görünür, bir aydır torpaqlarımızın erməni işğalçılarından azad olunması istiqamətində gedən Vətən müharibəsi də cəmiyyətimiz üçün pandemiyanı arxa plana keçirib və təhlükəli virusunla mübarizədə arxayınlıq yaranıb. Ona görə də Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verib, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 dekabr 2020-ci il saat 06:00-dək uzadılıb. Eyni zamanda, bir sıra rayonlarda yüksək yoluxma faktları aşkar olunduğun görə, həmin bölgələrə giriş-çıxış dayandırılıb. Hazırkı durum onu deməyə əsas verir ki, əgər vəziyyət belə davam edərsə, növbəti aylarda karantin rejimi daha da sərtləşdirilə, yoluxma hallarının geniş yayıldığı şəhər və rayonlarla bağlı yeni məhdudiyyətlər tətbiq oluna bilər.
Koronavirusa yoluxma hallarının kütləviləşməsi hazırkı müharibə dövründə bütün cəmiyyətimiz, xüsusilə də döyüş meydanında düşmənlə ölüm-dirim savaşına çıxan hərbçilərimiz üçün ciddi təhlükədir. Bu gün özümüzü koronavirusdan qorumaqla ön cəbhədə döyüşən hərbçilərimizi də xəstəlikdən müdafiə etmiş olarıq. Ona görə də, koronavirusla mübarizədə fəal olmaq, xüsusi karantin rejiminin qaydalarına riayət etmək həm də cəbhədə döyüşən əsgərlərimizin sağlamlığı üçün vacibdir. Bu gün Orduya dəstək vermək istəyən hər bir vətəndaş ilk növbədə əskər və zabitlərimizin sağlamlığı haqqında düşünməli, özünü və yaxınlarını xəstəlikdən qorumaqla haqq işimizə layiqli töhfəsini verməlidir. Bütün bunları nəzərə alaraq hamı xüsusi karantin rejiminin qaydalarına riayət etməli, maska taxmalı, şəxsi gigiyenasını gözləməlidir. Hər bir vətəndaş olduğu yerdən asılı olmayaraq, həm özünə, həm də ətrafına qarşı diqqətli olmalı, nümunə göstərməli, qaydaların pozulmasına dözümsüzlük nümayiş etdirməlidir.
Sədaqət Vəliyeva-Milli Məclisin deputatı