Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan kasetli bombalardan istifadə etdiyinə görə cəzalandırıla bilərmi?



Newscenter.az.30.10.2020. İşğalçı Ermənistan bütün beynəlxalq hüquq və normaları pozaraq Azərbaycana qarşı təcavüzkar, terrorçu hücumlarını davam etdirir. Bir ay ərzində Azərbaycanın iri şəhərləri, döyüş əməliyyatlarının getdiyi ərazilərdən çox-çox uzaqda yerləşən Gəncə və Bərdə şəhərlərində dinc əhaliyə qarşı Ermənustan tərəfindən edilən raket hücumları da bunu bir daha təsdiqləyir. Xüsusilə, qeyd etmək lazımdır ki, işğalçı ölkə təkcə Gəncə və Bərdədə dinc, mülki insanları hədəfə almaqla hərbi cinayət törətmir, eyni zamanda mülki insanlara qarşı qadağan olunmuş silahlardan, kasetli bombalardan istifadə etməklə bütün beynılxalq hüquq və normaları pozur, vandallıq, terror aktı həyata keçirir. Elə son bir neçə gün ərzində Bərdə şəhərinə edilən raket hücumu və bu zaman kasetli silahlardan istifadə də deyilənləri təsdiqləyir. Onu da qeyd etmək lazımdır ki, artıq bir sıra beynəlxalq təşkilatlar da Ermənistanın mülki insanlara qarşı kasetli silahlardan istifadə etdiyini təsdiqləyib. Belə ki, "Human Rights Watch", eləcə də “Amnesty International” kimi təşkilatlar Ermənistanın Bərdəyə istifadəsi qadağan olunmuş kasetli raketlər atdığını öz hesabatlarında qeyd edib.

Bəs görəsən Ermənistan beynəlxalq hüquq və normalara zidd olan bu addımına görə cəzalandırıla bilərmi? Ümumiyyətlə, minaların, eləcə də kasetli silahların qadağan olunması ilə məşğul olan beynəlxalq təşkilatlar səviyyəsində Ermənistanın bu insanlıq əleyhinə fəaliyyəti gündəmə gətirilə bilərmi?

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov Newscenter.az-a deyib ki, hərbi əməliyyatlar başlayandan etibarən gündəlik olaraq üzv olduqları beynəlxalq təşkilatlara Ermənistanın bu kimi fəaliyyətləri barədə məlumat verirlər. İctimai Birlik sədri qeyd edib ki, həmin məlumatların nəticəsində "Human Rights Watch", eləcə də “Amnesty International” kimi təşkilatlar Ermənistanın Bərdəyə raket hücumu zamanı kasetli silahlardan istifadə etməsinə dair bəyanat verib. Hazırda da rayonda vəziyyətin monitorinqi ilə məşğul olduqlarını deyən Hafiz Səfixanov deyib ki, Ermənistanın mülki vətəndaşlarımıza qarşı kasetli silahlardan istifadə etməsi üzvü olduqları beynəlxalq təşkilatların hesabatlarına daxil ediləcək:

“Noyabr ayında İsveçrədə kasetli silahlara dair ikinci icmal konfrans keçiriləcək. Yəqin ki, həmin konfransın yekun sənədinin qətnaməsində də Ermənistanın bu addımı qınanacaq”.

Düşmən ölkənin mülki əhaliyə qarşı kasetli silahlardan istifadə etməsinə görə cəzalandırılması mümkünlüyünə gəlincə isə İctimai Birlik sədri qeyd edib ki, Ermənistanı kasetli silahların tətbiqinə dair beynəlxalq Konvensiyaya görə cəzalandırmaq mümkün olmayacaq: “Çünki Ermənistan kasetli silahlara dair Konvensiyanın üzvü deyil. Ermənistanın cəzalandırılması ancaq 1949-cu il Cenevrə Konvensiyalarına görə mümkün ola bilər. Bu da uzun hüquqi prosedurdur. Bunun üçün müharibə başa çatmalı və sonrakı mərhələdə müvafiq hüquqi addımlar atılmalıdır, beynəlxalq tribunal yaradılmalıdır”.

Mehman
Xəbəri paylaş