Newscenter.az.30.10.2020. Son aylar dünyanın aparıcı kütləvi informasiya vasitələri, ələlxüsus Qərb mətbuatı Türkiyə-Avropa Birliyi, Türkiyə-Yunanıstan, Türkiyə-Rusiya, Fransa, Suriya, İraq, Liviya, Livan, Cənubi Qafqaz və sair ölkələrlə bağlı məsələlərə çox böyük önəm verilir. Proseslərə mətbuatın gözü ilə baxdıqda Türkiyəyə qarşı açıq qərəzin, ədalətsiz şəkildə təbii haqqlarını görməzliyin və əksər hallarda əks tərəfin müdafiə olunduğunun şahidi olursan. Tənqidin əsas obyekti isə, Cümhuriyyətin Başqanı hörmətli Rəcəb Tayyib Ərdoğan göstərilir. Səbəb nədir. Doğrudanmı Türkiyənin apardığı siyasət ədalətsizdir?
Türkiyənin istədiyi nədir? Qısa da olsa, bu suallara aydınlıq gətirmək lazımdır.
— Türkiyə istəyir ki, Yer kürəsində ədalət zəfər çalsın. Heç kimin haqqı tapdanmasın.
— Birləşmiş Millətlər Təşkilatında proporsional təmsilçilik olsun.
—Geosiyasi maraqlar üzündən milyonlarla insan ev-eşiklərindən qovularaq qaşqın vəziyyətinə düşməsin. 2011-ci ildən bəri müharibədən qaçan 4 milyona yaxın Suriya qaçqınları öz evlərinə qayıtsın. AB-nin maliyyə vədlərini yerinə yetirməməsinə baxmayaraq, o insanlara bütün humanitar yardımlar göstərilmişdir.
— Liviyada BMT tərəfindən rəsmən tanınmış Saraj hökumətinə dəstək verməklə, qiyamçıların qanuni hökuməti devirməsnin qarşısını almışdır. Ancaq Fransa, BƏƏ, Misir, Yunanıstan kimi ölkələr hərbi qiyamçıları dəstəkləyir.
— Şərqi Aralıq dənizində Şimali Kipr türklərinin haqqını qoruyur. Hər kəsin yaxşı xatirindədir. Yaxın keçmişdə “Annan planı” adında Kiprin yunan və türk əhalisi arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutan ədalətli planın həyata keçirilməsinə maneçilik yaradıldı. Türk kəsiminin halal haqqını müdafiə etdiyinə görə Türkiyəyə hər tərəfli təzyiqlər göstərilir.
— Uzun illərdir daxildən ölkəni parçalamaq istəyən və əksər Avropa və digər ölkələr tərəfindən silahlandırılan, dəstəklənən PKK, PYD, YPG kimi terror təşkilatlarına qarşı İraqın, Suriyanın şimalında mübarizə aparır.
— Ermənistanın işğalçılıq siyasətini hər addımda ifşa edir, Azərbaycanın haqqlı davasında dəstək verir, Minsk qrupu həmsədrlərini 30 il ərzində işğala rəvac verdiklərinə görə tənqid edir. Məcburi köçkünlərin öz yurdlarına qayıtmasını bütün beynəlxalq təşkilatlardan tələb edir. İstəyir ki, regionda əmin-amanlıq bərqərar olsun.
— Son vaxtlar bir çox dünya ölkələrini bürümüş “islamofobiya” qüvvələrinə qarşı açıq mübarizə aparır.
— Harda məzlum, yazıq, haqqı tapdanan varsa, Türkiyə onun yanındadır.
— Harada insanlıq varsa, Türkiyə oradadır.
Türkiyəni və Ərdoğanı ona görə tənqid edirlər ki, onlar vassal kimi davranmırlar. Onlar güclüdür və ən ağır vəzifələrin öhdəsindən gəlmək iqtidarındadırlar. Tam müstəqil siyasət yürüdürlər.
27 sentyabrda başlayan Böyük Vətən müharibəsində Azərbaycan Ordusunun əldə etdiyi qələbələrdən narahat olan bütün dünya erməniliyi, lobbiləri, ermənipərəst satılmış mətbuat, yorulmadan ölkəmizə və Türkiyəyə hədsiz böhtanlar yağdırır, bütün ölkələri bizə qarşı müharibəyə çağırırlar.
Türkiyənin, Azərbaycanın timsalında düşmən obrazı yaratmağa çalışırlar.
Nə qədər təəccüblü olsa da, bir faktı qeyd etmək istəyirəm. Küçə təlxəyi, kolxoz təfəkkürlü Paşinyan mətbuat qarşısına çıxanda dünyanın əksər televiziya kanalları, nəşrləri ətrafına toplaşaraq primitiv yalanlarını bütün dünyaya yayırlar. Siyasətini dövlət terroru üzərində qurmuş bu qəddar, vəhşi tayfanı dünyaya peyğəmbər övladı kimi təqdim etməkdən utanmırlar.
Ancaq bir çox samballı, real nüfuza malik söz sahibi olan dürüst insanlara qarşı qısqanclıqla yanaşaraq, fərqli formada təqdim edir, həqiqəti danırlar.
Ancaq pessimizmə qapılmaq lazım deyil. Haqq nazilər, qırılmaz. Düşmən bilməlidir ki, apardığı yalan təbliğat, bu iki dövləti, bir milləti daha birləşdirir.
Ədalət zəfər çalacaq.
Yaşasın Türkiyə, Azərbaycan qardaşlığı!!!
Nəsib Məhəməliyev-Milli Məclisin deputatı