Newscenter.az.30.10.2020. Əslində cəbhədə vəziyyətin daha da gərginləşdiyi məqamda bu cür təmasa ciddi ehtiyac var idi və gözlənilən idi. Sadəcə hər iki tərəf qarşıdakının ilk addım atmasını gözləyirdi.
Ermənistan Rusiya üçün nə qədər vacibdirsə, Azərbaycan Türkiyə üçün ondan da vacibdir. Sadəcə burda bir fərq vardır ki, Azərbaycan həm də, Rusiya üçün çox əhəmiyyətlidir. Ancaq hazırda mövcud olan vəziyyət və regiondakı narahatçılıq regionun özünün sərhədlərini belə aşmaqdadır.
Ümumiyyətlə Fransanın, ABŞ-ın və digər Qərb dövlətlərinin, əsas məqsədi həmişə alət və vasitə olmuş Ermənistandan, bu gün boyundan qat-qat artıq istifadə edərək onun vasitəsi ilə Türkiyə və Rusiyanı qarşı-qarşıya gətirməkdir. Onları zərrə qədər də maraqlandırmır ki, Azərbaycan öz torpaqlarını qaytaracaq, Ermənistan uduzacaq və ya qalib gələcək, Qarabağ münaqişəsi həll olunacaq, burda dinc sakinlər və ya uşaqlar həlak olacaq və s.
Həmin quvvələrin əsas məqsədləri Ermənistana hansısa ərazilər vəd edərək, hətta regionun tam şəkildə döyüş meydanına çevrilməsi bahasına da olsa, Türkiyə ilə Rusiyanı aktiv qarşıdurmaya sövq etməkdir.
Bu cür cəhdlər dəfələrlə olub. Ən qısa tarixə nəzər yetirsək, 2015-in noyabrında Rusiyanın Su-24 təyyarəsinin Türkiyə-Suriya sərhədində Türkiyə tərəfindən vurulması, 2016-cı ilin dekabrında Rusiyalı səfir Andrey Karlovun Ankarada qətlə yetirilməsi, Suriya və Liviyada Türkiyə Rusiya qarşıdurmaları təşkil etmək və s.
Əsas qorxu və narahatçılıq islamafobiya və türkafobiya ilə bağlıdır! Dünyanın yazılmamış qaydaları da elədir ki, həmişə qorxduğu qorxanın başına gəlir!
İslamafobiya və türkafobiyadan əziyyət çəkən dünya dövlətləri, onların liderləri və digər quvvələr bu qorxularından qurtulmaq üçün ən optimal variant kimi, islamın və türkçülüyün həqiqətlərini dünyaya çatdırmaqda olan Türkiyə ilə, müsəlmanların və türklərin eyni zamanda daha çox yayıldığı xristian dövləti olan Rusiyanın qarşıdurmasını aktiv fazaya çevirməkdir. Bu məsələnin ən təhlükəli tərəfi ondan ibarətdir ki, bu prosesdə əslində həmişə qərbin və xüsusilə də ABŞ-ın hədəfində olan və baş verənlərə hələ ki, həmişəki kimi səssiz qalmağı düşünən Çinin də maraqlı olmasıdır.
Ərdoğanın Putinə izah etmək istədiyi, elə əslində onun özünün də bildiyi bu kimi məqamlardır! Sonradan Türkiyə liderinin cəmiyyətə müasibətdə qırmızı xəttin keçilməsinə imkan verilməyəcəyi ilə bağlı mesajını çatdırmasına gələndə isə, düşünürəm ki, siyasətdə və diplomatiyada bu cür hallar olur. Danışıqlar zamanı danışıqların gedişatının və mövcud vəziyyətin qarşı tərəfə deyilməsinə imkan vermədiyi fikirlərin bu yolla çatdırılmasının özü də bir diplomatik addımdır!
Uca Tanrı İslamı, Türkü və hər iki müqəddəs amili özündə birləşdirən Ordumuzu qorusun!
Xəyal Bəşirov-siyasi ekspert