Newscenter.az.31.10.2020. Ölkəmizdə Vətən müharibəsi gedir. Uzun illərdir həsrətində olduğumuz doğma yurdumuza qovuşmağımıza lap az qalıb. Gözümüz, qulağımız cəbhədən gələn xəbərlərdədir. Qələbə xəbəri bizi nə qədər sevindirirsə, işğalçı Ermənistanın mülki əhalini hədəfə alması, uşaqları, qadınları qətlə yetirməsi də o qədər incidir və narahat edir. Əsgərlərimizə görə narahatlığımız da öz yerində. Belə bir dövrdə kimlərsə şəxsimə qarşı çirkin qarayaxma kampaniyası aparır, yalan məlumatlar yaymaqla insanları çaşdırmağa çalışır. Doğrudur, oktyabrın 27-i mənim doğum günümdür. Amma ad günümlə bağlı heç bir yığıncaq, heç bir tədbir keçirməmişəm. Sadəcə qardaşımın facebook postu yazaraq məni təbrik etməsindən belə bir nəticəyə gələnlər fəaliyyətimizi kölgə altında qoymaq istəyənlərdir.
Həm Millət vəkili, həm də məcburi köçkün kimi Ali Baş Komandanın ətrafında birləşərək mübarizəmizi bu gün arxa cəbhədə aparırıq, nə vaxt tapşırıq olarsa, ön cəbhədə döyüşməyə hazırıq.
İndi hər birimiz yalnız bir nöqtəyə vurmalıyıq, necə ki qələbə bayramını birlikdə qeyd edəcəyik. Mənim ad günü yığıncağım da, bayramım da bütün doğma torpaqlarımızda, Laçınımızda bayrağımızın dalğalanacağı gündür. Ötən bir ayda keçirdiyim ən xoş, sevincli günlər işğaldan azad edilmiş rayonlardan gələn müjdəli xəbərlərdir. Mən ad günümü oktyabrın 27-i yox, sentyabrın 27-dən keçirməyə başlamışam. Müzəffər Azərbaycan ordusunun azad etdiyi hər bir şəhər, kənd və qəsəbə ilə yenidən dünyaya gəlmişəm. Sentyabrın 27-dən başlayaraq mənim ad günüm Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, bundan sonra isə Laçın, Şuşa, Xankəndi, Kəlbəcər, Xocalı, Xocavənd, Ağdamın işğaldan azad olunduğu günlər olacaq...
Mahir Abbaszadə-Milli Məclisin deputatı