Newscenter.az.31.10.2020. "Biz muxtar rayon məsələsini indi müzakirə etməliyik. Çünki indi ortada yeni reallıq var. Əvvəla, biz heç bir muxtar rayon razılığına gəlməmişik. Biz bunu təklif edəndə ermənilər bunu rədd edirdilər. Onlar bizim razı olmadığımız müstəqillik tələb edirdilər. İndi ortalıqdakı reallıqlar dəyişib. Biz dəfələrlə eşitmişik ki, reallıqlar var və siz onları nəzərə almalısınız".
Bunu Prezident İlham Əliyev Almaniyanın ARD telekanalına müsahibəsində Dağlıq Qarabağın muxtariyyət məsələsinə münasibət bildirərkən səsləndirib.
Azərbaycanın mövcud reallıqları dəyişdirdiyini vurğulayan dövlət başçısı deyib ki, indi onlar bunları nəzərə almalıdır və 27 il ərzində bizim onlara təklif etdiklərimiz ola bilsin, artıq öz qüvvəsini itirib:
"Ona görə indi biz müzakirələr aparmalıyıq. Ermənistan buna hazır olduğu təqdirdə danışıqların yeni mərhələsinə başlamaq və danışıqlar masasında Dağlıq Qarabağın gələcəyini müzakirə etmək olar".
“Lakin bunun üçün Ermənistan dayanmalıdır. Onlar bu aylar ərzində həmişə bizim azad etdiyimiz əraziləri geri almaq istəyiblər və bu da onların məğlubiyyətinin əsas səbəbidir”, - Prezident əlavə edib.