Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstan Respublikasında parlament seçkiləri baş tutmuşdur



Newscenter.az.3.11.2020. Tarix boyu Azərbaycan-Gürcüstan münasibətləri yüksələn xətt üzrə inkişaf etmiş və hər iki müstəqil respublika bir-birinə yaxından kömək edərək xalqlarının firavan, təhlükəsiz yaşamasına dəstək olublar. Bu dostluq əlaqələri artıq strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlmiş, bütün sahələrdə (sosial, iqtisadi, siyasi) nailliyyətlərlə müşahidə olunaraq inkişaf etməkdədir.

Oktyabr ayının 31-də Gürcüstanın ictimai-siyasi həyatında vacib hadisə baş vermişdir. Belə ki, ölkə konstitusiyasına əsasən parlament seçkiləri keçirilmiş, 120 millət vəkilinin proporsional, 30 millət vəkilinin isə majoritar sistem üzrə seçilməsi nəzərdə tutulmuşdur.

Həmçinin keçirilmiş seçkiləri müşahidə etmək üçün Azərbaycan parlamentinin nümayəndə heyəti Gürcüstana dəvət olunmuşlar. Deputatlar Arzu Nağıyev, Əminə Ağazadə və mənim iştirakım ilə müşahidəçi statusunda iştirak etdiyimiz qardaş Gürcüstan Respublikasının bu həssas dönəmdə təşkil etdiyi parlament seçkiləri uğurla başa çatmışdır. Belə ki, tarixdə ilk dəfə olaraq pandemiya şəraitində Gürcüstan Respublikası parlament seçkilərini təşkil etmiş, karantin şərtlərinə uyğun mümkün ola biləcək qaydalarla prosesin idarə olunmasına müvəffəq olmuşdur.

Seçkiləri çoxlu sayda beynəlxalq müşahidəçilər, yerli və xarici jurnalistlər, habelə seçkilərdə iştirak edən namizədlərin və partiyaların müşahidəçi qrupları müşahidə etmişlər. Ümumən Azərbaycan nümayəndə heyətinin müşahidə etdiyi dairələrdə hər hansısa bir qanun pozuntusu və ya ciddi müdaxilələr qeydə alınmamış, ümumilikdə vətəndaşların səs vermələri üçün bütün zəruri tədbirlər görülmüşdür.

Seçici fəallığı nəzərə çarpmaqla, əhalinin həvəslə seçkilərdə iştirakı müşahidə olunurdu. İlkin səsvermə nəticəsinə əsasən 48,15% nisbətində səs və 30-dan 14 majoritar yer alan hakim “Gürcü arzusu” partiyası öz qələbəsini nümayiş etdirdi. Son 20 ildə ilk dəfə olaraq 9 siyasi partiya 1% fərqi keçərək Gürcüstan parlamentində yer qazandı. Geri qalan 16 mandat üçün isə ikinci turun keçirilməsi gözlənilir. Nəticələrə əsasən, “Gürcü arzusu” Partiyası 48.15%, “Milli Hərəkat” partiyası 25,94%, “Avropalı Gürcüstan” partiyası isə 3,77% səs əldə etdi.

Tərəfimizdən müşahidə olunan məqamlardan biri də Amerika Birləşmiş Ştatlarının Gürcüstan Respublikasındakı səfirinin rəsmi səsvermə sona yetməmişdən öncə çıxış edərək bütün siyasi partiyaları və onların nümayəndələrini seçki vəzifəlilərinin işinə hörmət etməyə və seçki nəticələrini dinc yolla qəbul etməyə dəvət etməsi idi.

Seçkinin yekun nəticəsi olaraq ATƏT, DTHİB, AŞPA və NATO Parlament Assambleyasının qısa-müddətli beynəlxalq seçki missiyalarının yekun bəyanatı 31 Oktyabr parlament seçkilərinin rəqabət mühitində və fundamental hüquqlara hörmət edilərək keçirildiyini vurğulamışdır və 2 milyon seçicinin dinc yolla öz siyasi seçimlərini etməsi qeyd olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev seçkilərin səhəri günü qalib olmuş “Gürcü arzusu” partiyasının lideri Bidzina İvanişviliyə zəng edərək yüksək nəticə toplamaları münasibəti ilə təbrik etmişdir.

Keçirilmiş seçkinin nəticələri qanunvericiliyə uyğun olaraq ən ali instansiya tərəfindən təsdiq olunduqdan sonra ən çox səs toplamış “Gürcü arzusu” partiyasına yenidən hökumətin formalaşmasında lider partiya kimi iştirak etməsi üçün şans və imkan yaradılacaqdır.

Məzahir Əfəndiyev
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Xəbəri paylaş