Newscenter.az.4.11.2020. Energetika Nazirliyi ilə Ukraynanın Enerji Səmərəliliyi və Enerjiyə Qənaət üzrə Dövlət Agentliyi arasında onlayn görüş keçirilib.
Newscenter.az-a nazirlikdən bildirilib ki, tədbir bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində qarşılıqlı təcrübə və məlumat mübadiləsinin aparılması, həmçinin əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə təşkil edilib.
Tədbirdə Energetika Nazirliyi tərəfindən aparat rəhbəri Zaur Məmmədovun rəhbərliyi ilə, Nazirliyin, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin əməkdaşları, qarşı tərəfdən isə Ukraynanın Enerji Səmərəliliyi və Enerjiyə Qənaət üzrə Dövlət Agentliyinin rəhbəri vəzifəsini icra edən Konstantin Guranın rəhbərliyi ilə qurumun rəhbər müavini və əməkdaşları iştirak edib.
Görüşün əvvəlində Zaur Məmmədov sentyabr ayının 27-dən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş genişmiqyaslı təxribat, döyüş bölgəsindən kənarda yerləşən şəhər və kəndlərdə Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrinin ağır artilleriya qurğularından və raketlərdən atəşə tutularaq mülki obyektlərdə dağıntı və yanğınlara səbəb olduğu, həmçinin Ermənistan tərəfindən Azərbaycanın enerji infrastrukturunun da hədəfə alındığı haqqında məlumat verib.
Konstantin Gura isə öz növbəsində münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində sülh yolu ilə həll olunmasına ümid etdiyini bildirib.
Daha sonra, tədbirin gündəliyinə uyğun olaraq Azərbaycanda bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində görülən işlər və həyata keçirilən cari layihələr barədə məlumat verilib. Ukraynanın Enerji Səmərəliliyi və Enerjiyə Qənaət üzrə Dövlət Agentliyi tərəfindən Ukraynada müvafiq sahədə qanunvericilik və dövlət siyasəti, əsas prioritetlər, dövlət tərəfindən sahəyə göstərilən dəstək, bərpa olunan enerji stansiyalarının qoyuluş gücünün artım tendensiyası, sahə üzrə beynəlxalq əməkdaşlıq və s. kimi aspektləri əhatə edən təqdimat nümayiş etdirilib.
Sevinc