Newscenter.az.4.11.2020. 2020-ci ilin oktyabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) edilən zənglər, həmçinin BŞTİ-yə daxil olan sənəd və elektron müraciətlərlə bağlı statistika açıqlanıb.
Newscenter.az-a İdarədən bildirilib ki, qeyd olunan müddət ərzində ümumilikdə 3 341 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 918 zəng qəbul edilib.
Ötən ay 2 071 sənəd (vətəndaşlar tərəfindən 549 ərizə, Təhsil Nazirliyindən 235, digər qurumlardan 239, məktəblərdən 839 məktub, 27 strukturdaxili yazışma və 182 kadr ərizəsi) qəbul olunub və qeydiyyata alınıb. Həmçinin 352 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, məktəbəhazırlıq qruplarına və I sinfə uşaqların elektron qeydiyyatı, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı və digər məsələləri əhatə edib.
Qeyd edək ki, mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, BŞTİ-də vətəndaş qəbulu dekabrın 1-dək dayandırılıb.
R.Mehdiyeva