Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Düzgün və balanslı qidalanma yaşlı insanlarda xəstəliyə qarşı davamlılığı artırır



Newscenter.az.4.11.2020. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır. Budəfəki maarifləndirici mövzumuz isə COVID-19 infeksiyasının yüksək risk qrupuna daxil olan yaşlı insanların sağlam qidalanması haqqındadır.

Newscenter.az-a AQTA-dan bildirilib ki, yaşlı insanlar və ahılların COVID-19 virusuna yoluxma riski yüksəkdir. İnfeksiya xüsusilə xroniki xəstəliyi olan ahıllar üçün daha təhlükəlidir. Koronavirus infeksiyasına yoluxma riskini azaltmaq üçün müvafiq qabaqlayıcı tədbirlərə riayət etməklə yanaşı, sağlam həyat tərzi də vacib şərtdir.

Yaşlandıqca maddələr mübadiləsinin gedişi dəyişir, orqanizmin qida maddələrinə olan ehtiyacı, tələbatı da fərqlənir. COVID-19, eləcə də digər yoluxucu xəstəliklərə qarşı orqanizmin müqavimətini artırmaq üçün yaşlı insanların və ahılların düzgün və balanslı qidalanması əsas şərtlərdən biridir.

A vitamini həzm, mədə-bağırsaq və tənəffüs sisteminin funksiyasına təsir edir. İmmun sistemin güclənməsində olduqca faydalıdır. Şirin kartof, yerkökü, brokkoli, ispanaq, qırmızı bolqar bibəri, ərik, yumurta, süd və bir çox taxıllı qida məhsulları A vitamininin əsas mənbəyidir.

Vitamin B6, B12, mis, fol turşusu, selenlə zəngin qida məhsulları immun sistemin gücləndirilməsində xüsusi əhəmiyyətə malikdir. Qeyd edək ki, taxıl, yağsız ət, bəzi balıq və dəniz məhsulları B12 vitamini ilə olduqca zəngindir.

C vitamini isə anticisimlərin meydana gəlməsini stimullaşdıraraq immun sistemini tənzimləyir. C vitamini ilə zəngin portağal, qreypfrut və naringi kimi sitrus meyvələrin, qırmızı bolqar bibəri, çiyələk, pomidor və bəzi dənli bitkilərin gündəlik qida rasionuna əlavə edilməsi tövsiyə olunur.

Kalsium və D vitamini ilə zəngin qidalar sümüklərin sağlamlığını qorumaq üçün olduqca vacibdir. Bir çox dənli bitkilər, tünd yaşıl yarpaqlı tərəvəzlər, az yağlı və ya yağsız süd məhsulları kalsiumun zəngin mənbəyidir. Qızıl balıq, pendir, yumurtanın tərkibində D vitamini yüksək miqdardadır.

E vitamini güclü antioksidantdır. Bu vitaminlə zənginləşdirilmiş dənli bitkiləri, bitki yağlarını, günəbaxan toxumunu, badam, fındıq və fıstığı gündəlik qida rasionuna daxil etməklə orqanizmi gücləndirmək olar.

Sink və kaliumun da çatışmazlığı orqanizmdə ciddi problemlərə yol açır. Sink yağsız ət, quş əti, dəniz məhsulları, süd, taxıl məhsulları, lobya və qoz-fındığın tərkibində, kaliuma isə az yağlı və ya yağsız süd, banan, şirin kartof, ispanaq və ağ lobya kimi məhsullarda rast gəlinir. Orqanizmi kifayət qədər kaliumla təmin etməklə, həmçinin duz istehlakını məhdudlaşdırmaqla yüksək təzyiq problemini də aradan qaldırmaq mümkündür.

Əksər xəstəliklər qeyri-düzgün qidalanma nəticəsində yaranır. Ürək-damar xəstəliklərinin, arterial təzyiqin, şəkərli diabetin profilaktikasında sağlam qidalanma olduqca vacibdir. Bu baxımdan yaşlı insanların qidasında liflə zəngin olan məhsullar üstünlük təşkil etməlidir. Lif bağırsağın fəaliyyətini stimullaşdırır, maddələr mübadiləsini sürətləndirir. Həmçinin lifli qidalar insanı tox tutur. Pəhriz lifləri ürək və II tip diabet xəstəliklərinin inkişafının qarşısını alır, qan şəkərin idarə olunmasında və xolesterolun səviyyəsinin azalmasında mühüm rol oynayır. 50 yaşdan yuxarı insanların qida liflərinə gündəlik tələbatı 30 qramdır. Liflə zəngin qidalar əsasən meyvə və tərəvəzlərdir. Tam taxıllı çörəklər və dənli bitkilər (xüsusən, lobya və noxud) də daha çox istehlakı tövsiyə olunan lifli qidalardandır. Bundan başqa, istehlak edilən yağların çoxu sağlam doymamış yağlardan ibarət olmalıdır.

Fiziki aktivlik sağlamlığın vacib şərtlərindəndir. Fiziki aktivliyin az olması bədən çəkisinin artmasının, eləcə də bir sıra qeyri-infeksion xəstəliklərin yaranmasının əsas risk faktorlarından biridir. 50 yaşdan yuxarı insanların gündəlik kaloriyə olan tələbatı onların aktivlik dərəcəsindən asılıdır:

• Qeyri-aktiv həyat tərzi keçirən şəxslər üçün 2000-2200 kalori

• Orta dərəcədə aktiv həyat tərzi keçirən şəxslər üçün 2200-2400 kalori

• Müntəzəm aktiv həyat tərzi olan şəxslər üçün 2400-2800 kalori

Yaş ötdükcə fiziki aktivliyin azalması insanlarda maddələr mübadiləsinin yavaşlamasına səbəb olur. Bir sözlə, sağlam həyat tərzi sürmək üçün düzgün və balanslı qidalanmaq qədər fiziki aktivliyi də yüksəltmək vacib və faydalıdır.

Orxan
Xəbəri paylaş