Newscenter.az.11.11.2020. Fermerlərə informasiya-məsləhət xidmətinin göstərilməsi kənd təsərrüfatının inkişafını təmin edəcək əsas istiqamətlərdən biri sayılır. Kənd Təsərrüfatı Nazirliyinin struktur bölmələri tərəfindən aqrar sahənin müxtəlif istiqamətlərinə dair təlimlər keçirilir. Newscenter.az-a nazirlikdən bildirilib ki, təlimlərə cəlb olunan fermerlərə aqrar fəaliyyətin təşkilinin ən müxtəlif istiqamətləri, aqrar qanunvericilikdə yeniliklər və s. haqqında geniş məlumat verilir.
Təlimlər ixtisaslaşmış təlimçilər tərəfindən keçirilir. Təlim qrafiki müvafik struktur bölmələr tərəfindən hazırlanır, qrafik hazırlanan zaman yerlərdə fermerlərin təlim ehtiyacları nəzərə alınır.
İnformasiya-məsləhət xidmətinin genişləndirilməsi məqsədilə istifadə olunan elektron resurslar daim təkmilləşdirilir. “Agroinfo.az” elektron resurslarında fermerlər bitkiçilik və heyvandarlığın ən aktual məsələləri üzrə maarifləndirici yazılar və təlim materialları ilə tanış ola bilərlər.
Elektron resursda Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindən istifadə, bitkiçilik, heyvandarlıq, kənd təsərrüfatı texnikasının istismarı və təhlükəsizlik qaydaları, texniki bitkilər, bitki və heyvanların zərərverici xəstəlikləri və onlarla mübarizə qaydaları haqqında materiallar yerləşdirilib. Fermerlər elektron resursdan istifadə etməklə həm təlim materilları ilə tanış ola, həm də onları maraqlandıran mövzular üzrə təlimlərin qrafiki ilə tanış ola bilərlər.
Orxan