Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat: "Ali Baş Komandanımızın da qeyd etdiyi kimi: Azərbaycan milli ordusunun zəfər yürüşünün qarşısını heç bir qüvvə kəsə bilməz"



Newscenter.az.6.11.2020. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev müharibənin başladığı ilk andan etibarən həm cəbhədə, həm siyasi müstəvidə, həm də informasiya müstəvisində prosesə öndərlik edərək, bütün sorğuları vaxtı-vaxtında cavablandırır, Azərbaycan həqiqətlərini beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinin diqqətinə çatdırır.

Ölkə başçısının Ermənistanın baş naziri Nikol Paşinyanın müharibə planı barədə dünya ictimaiyyətini vaxtında məlumatlandırması erməni dezinformasiyasını darmadağın etdi. Artıq dünya ictimaiyyətinə də bəlli oldu ki, Ermənistanın baş naziri müxtəlif vasitələrlə sülh danışıqlarından yayınır, Azərbaycana qarşı genişmiqyaslı müharibəyə hazırlaşır. Dövlətimizin başçısı bu barədə sentyabrın 27- dən əvvəl videoformatda keçirdiyi beynəlxalq tədbirlərdə də məlumat vermişdi. Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri, hazırkı vəziyyəti, habelə Azərbaycanın mövqeyini əsaslandıran hüquqi, siyasi, mənəvi və digər amilləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmış, Azərbaycanın haqlı mövqeyini təkzibolunmaz faktlarla əsaslandırmışdı. Lakin artıq 40 gündür ki, Ermənistanın erməni lobbisi və xaricdəki havadarlarının köməyi ilə yenidən özü üçün münbit informasiya mühiti yarada biləcəyi xülyası alt- üst olub. Çünki cənab Prezident mütəmadi olaraq dünyanın aparıcı televiziya kanallarına verdiyi müsahibələrində erməni məkri, Nikol Paşinyanın faşizm ideologiyasına sadiqliyi, nasizmə xüsusi meyilliyi barədə faktlara əsaslanaraq məlumatlar verərək onların bütün planlarını ifşa edib. Prezident İlham Əliyevin dünən İspaniyanın EFE informasiya agentliyinə verdiyi müsahibəsində də irəli sürdüyü əsas tezislərin yenidən diqqətə gətirilməsi Ermənistanın iç üzünü bir daha ifşa etdi.

Cənab Prezidentin də dediyi kimi, işğal olunmuş rayonlardan 5-dən 4-ü artıq ya tamamilə, ya da qismən azad edilib. Bu gün biz işğal altında olan digər rayonların işğaldan azad edilməsinin aktiv mərhələsindəyik. Müharibə bəlkə bir ay əvvəl bitərdi. Ancaq düşmən tərəfin təcavüzkarlıq siyasətindən əl çəkməməsi bunu mümkünsüz etdi. Bununla belə, əgər düşmən ölkə müharibənin bitməsində maraqlıdırsa, o zaman Ermənistan tərəfdən kompromis çox dəqiq olmalıdır. Hələ də işğal altında olan Ağdam rayonunun bir hissəsini, Kəlbəcər və Laçını boşaltmaq üçün vaxt cədvəli təqdim edilməlidir, özü də Ermənistanın baş naziri bunu şəxsən bəyan etməlidir. Lakin Prezidentin də qeyd etdiyi kimi, işğalçı Ermənistan nəinki bizə vaxt cədvəli vermir, hətta həmin əraziləri boşaldacaqlarını demirlər. Sentyabrın 27-dən bu yana bütün bu vaxt ərzində Ermənistanın hərbi-siyasi rəhbərliyi ərazilərin boşaldılacağı barədə heç vaxt heç nə deməyib. Belə olan halda, onlar 7 rayonun qaytarılmasını təmin etmək üçün bu prinsipləri işləyib hazırlamış Minsk qrupunun həmsədrlərinə faktiki olaraq hörmətsizlik nümayiş etdirirlər və daha çox eskalasiyaya gətirib çıxarırlar. Beləliklə, biz Ermənistanın baş nazirinin Kəlbəcər, Laçın və Ağdamın qalan hissəsini boşaldacaqlarını açıq şəkildə deməsini gözləyirik…

Cənab Prezidentin ordumuzda, guya, muzdluların olması barəsində ermənilərin uydurduqları fake məlumatları da rədd edərək, bütün bunların böhtan və dezinformasiya oduğunu bildirməsi bir daha həmsədr ölkələrə ünvanlanmış sərt mesaj idi. Bununla da dövlət başçısı müdrik sərkərdə kimi ölkəmizi ittiham edənlərə yalan informasiyaya əsaslanan belə tələsik nəticələr çıxarmazdan əvvəl özlərinə baxmalarını tövsiyə etdi.

Bugünki reallıq ondan ibarətdir ki, Azərbaycan ordusu hər gün addım-addım zəfər yürüşünü davam etdirir. Ali Baş Komandanımızın da qeyd etdiyi kimi: Azərbaycan milli ordusunun zəfər yürüşünün qarşısını heç bir qüvvə kəsə bilməz. Ölkəmizdə o qədər güclü, qüdrətli ordu qurulub ki, hazırda Ordumuz dünyanın reytinq cədvəlində 50 ən güclü ordular siyahısındadır. Bu müharibədən sonra Azərbaycanın bu reytinqinin daha da qalxması heç də təəccüblü olmaz. Həqiqətən də bu gün bizim şanlı, müzəffər ordumuz var və ölkədə tam səfərbərlik elan edilsə bundan bir neçə dəfə çox döyüşçü toplaya bilərik. Lakin biz Ermənistandan fərqli olaraq bunu etmirik. Buna görə də bizim tərəfimizdə hər hansı bir əcnəbi döyüşçünün vuruşması ilə bağlı heç bir sübut yoxdur.

Beləliklə, cənab Prezident artıq 40 gündür ki, müstəqillik tariximizə yeni səhifələr yazmaqla diplomatiya, döyüş və informasiya cəbhəsinin ən güclü-müzəffər bir sərkərdə, yüksək-peşəkar-uzaqgörən bir siyasətçi, eyni zamanda dünyada gedən proseslərin hər birini dərindən bilən- izləyən hazırlıqlı bir şəxsiyyəti olduğunu bir daha təsdiqlədi.

Anar MƏMMƏDOV-Milli Məclisin deputatı
Xəbəri paylaş